“Net Applications” şirkətinin təqdim etdiyi noyabr ayına olan statistikada fərdi kompüter və mobil qurğular üçün nəzərdə tutulmuş brauzerlərin dünya üzrə bazar payları əks olunub.
Məlum olub ki, fərdi kompüterlər seqmentində Internet Explorer 54,76% bazar payı ilə liderliyini qoruyub saxlamaqdadır. Bu da 2011-ci ilin oktyabr ayından bu günə qədər müşahidə olunan ən yüksək nəticədir. Bir il öncə Microsoft-un brauzeri 52,64% ilə qiymətləndirilirdisə, 2012-ci ilin oktyabrında bu rəqəm 54,13%-ə çatıb.
Reytinqin 2-ci pilləsində qərarlaşan Firefox 1 ay ərzində mövqeyini 0,45% möhkəmləndirərək 20,44%-lik nəticə göstərib. Qeyd edək ki, 2011-ci ilin noyabrında bu brauzerin bazar payı 22,14% idi.
İlk üçlüyü tamamlayan Chrome qlobal bazarın 17,24%-ni tutur. Google brauzerinin payı isə aşağı düşməkdədir. Belə ki, ötən ilin oktyabr ayında brauzerin bazar payı 18,55% idisə, 2011-ci ilin noyabrnda 18,18%-ə enmişdir. Bu, ötən ilin sentyabrından indiyədək ən aşağı göstəricidir.
Sonrakı yerləri müvafiq olaraq 5,33% və 1,67% göstəricilərlə Safari və Opera bölüşdürürlər. Bir il əvvəl bu brauzerlərin bazar payı 5,0 (Safari) və 1,55%-ə (Opera) bərabər idi.
Mobil seqmentdə isə Safari (61,5%), Android platformasına məxsus brauzer (26,09%) və Opera Mini (7,02%) liderlik edir. Digər brauzerlərin bazar payı isə 5,39% təşkil edir.

