IDC tədqiqat şirkətinin proqnozuna əsasən, bu il dünyada 918 milyon ədəd smartfon satılacaq, satış həcmində əhəmiyyətli sıçrayış isə Çin, Braziliya və Hindistan bazarlarında smartfonlara tələbatın xeyli artması ilə əlaqədar olacaq.


 
Şirkət nümayəndələri həmçinin qeyd edirlər ki, 2013-cü il satılan smartfonların sayının satılan mobil telefonların sayını ötəcəyi ilk il olacağı gözlənilir. Smartfon modellərinin payı ümumi tədarük həcminin 50,1 faizini təşkil edəcək.
 
“Smartfonların qiyməti bütün dünyada aşağı düşür, bu həllərin tətbiq dairəsi getdikcə genişlənir, 4G şəbəkələrinin sayı artır. Bu üç əsas amil smartfonların əhəmiyyətli dərəcədə yayılmasına zəmin yaradaraq kütləvi istifadə üçün cəlbedici məhsul edir”, - IDC-dən bildiriblər.
 
Şirkətin proqnozunda həmçinin 2017-ci ilin sonuna dünyada ildə 1,5 milyard ədədə yaxın smartfonun tədarük ediləcəyi, onların payının isə mobil tədarük həcminin 75 faizini təşkil edəcəyi də qeyd olunur.