“Nokia” şirkəti Britaniya televiziyasında “Lumia” seriyasından yeni smartfona həsr edilmiş reklam video çarxı nümayiş etdirməyə başlayıb. 21 saniyəlik reklam çarxında metal əlavələrdən ibarət parlaq ağ korpus nümayiş etdirilib.
Sözügedən cihaz mayın 14-də Londonda nümayiş etdiriləcək. Xatırladaq ki, mayın 10-da “Nokia” şirkəti “Lumia 928” smartfonunu nümayiş etdirib. Cihaz 4.5 düymlü “AMOLED” displey, 1.5 QHs takt tezlikli ikinüvəli “Snapdragon” prosessoru, 1 QB əməli yaddaş və 32 QB daxili, 8.7 meqapiksellik “Carl Zeiss” optikasına malik kamera ilə təchiz edilib.
Həmçinin simsiz enerji doldurmaq, “Smart Shoot” çəkiliş rejimi (ardıcıl 5 foto çəkir) mövcuddur. Aparatın çəkisi 162 qramdır.
