Dünən Bakı vaxtı ilə saat 21:30-da San-Fransisko şəhərində Apple şirkətinin illik beynəlxalq konfransı, yəni Worldwide Developers Conference 2013 start götürdü. Bu tədbirdə Apple şirkəti bütün yeni cihaz və xidmətlərini təqdim etdi.
Bu cihazların sırasında iOS 7 və OS X Mavericks əməliyyat sistemləri, həmçinin yeni MacBook Air noutbukları var.
Şirkət iOS 7 əməliyyat sisteminin interfeysini dəyişib və əlavələrin təsvirlərini rəngləməklə onları daha hamar şəklə salıb, ƏS-də yeni şrift tətbiq edib, eləcə də “Hava” (burada animasiyalar yaradılıb), “Təqvim”, “Bildirişlər”, “Poçt”, “Foto” (filtrlər əlavə olunub) və “Oyun mərkəzi” kimi ştat proqramlarını yenidən işləyib.
ƏS-in əsas ekranı indi aparatın əyilməsinə reaksiya verə və müvafiq animasiyanı göstərə bilir. Sistemə daha çox populyar funksiyalara çıxışa və fənəri yandırıb-söndürməyə imkan verən “İdarəetmə mərkəzi” (Control Center) daxildir.
Bundan başqa, Apple çoxfunksiyalılıq texnologiyasını təkmilləşdirib. Hazırda ƏS hansı əlavələrdən gec və tez-tez istifadə olunduğunu izləyə bilir və müvafiq qaydada prioritet təşkil edən əlavələri düzür.
Safari brauzeri də yenilənib. Burada “valideyn nəzarəti” alətləri, “ağıllı axtarış” pəncərəsi və tab-vərəqələr və nişanlara baxmaq üçün yeni rejim yer alıb.
iOS bazasında işləyən qurğular bundan sonra əvvəllər yalnız Mac kompüterlərində işləyən AirDrop Wi-Fi şəbəkəsi üzrə simsiz fayl mübadiləsi texnologiyasını dəstəkləyəcək.
Həmçinin Siri texnologiyası yeni səslərlə danışmağa başlayıb və Wikipedia, axtarış sistemləri və Twitter ilə inteqrasiya edilib. App Store mağazasında əlavələrin avtomatlaşdırılmış yenilənməsi yaradılıb.
iOS 7-nin tərtibatçılar üçün nəzərdə tutulan ilkin versiyası iyunun 10-da buraxılıb, son versiya isə 2013-cü ilin payızında işıq üzü görəcək. Sistemi iPhone 4, iPhone 4S və iPhone 5 smartfonlarına, üçüncü və dördüncü nəsil iPad 2 və iPad planşetlərinə, eləcə də beşinci nəsil iPod touch pleyerlərinə quraşdırmaq mümkün olacaq.