İsveçin “Tobii” şirkəti artıq bir neçə ildir ki, gözlərin hərəkətlərini izləyən texnologiyanın noutbuklara inteqrasiyası ilə məşğuldur. Şirkət belə qurğunu ilk dəfə 2011-ci ildə “CeBIT” sərgisində təqdim edib.
“Lenovo” şirkətinin hazırladığı leptop nümunəsi baxış vasitəsilə kursoru idarə etməyə, fotoların ölçülərini böyütməyə, açıq pəncərələr arasında keçid etməyə və ya ekranın parlaqlığını sazlamağa imkan verirdi. Lakin həmin aparat daxili kameralara görə iki dəfə qalın və komponentləri kifayət qədər bahalı idi.
Hazırda “Tobii” şirkəti aparat içliyini ultrabuk formasına yerləşdirməyə və onu “Synaptics ForcePad” touchpad-i ilə təchiz etməyə müvəffəq olub. Həmçinin gözlə idarəetmə texnologiyası təkmilləşdirilib – sənədləri gözlərin köməyilə “siçan”, klaviatura və sensor paneldən istifadə edərək “vərəqləmək” mümkündür.
Yaxın aylarda şirkət ultrabukun prototipini ABŞ, Avropa və Asiya ölkələrində nümayiş etdirmək niyyətindədir.