Motorola şirkəti "Moto X" smartfonunu ilk dəfə olaraq internet nəhəngi olan "Google" şirkəti tərəfindən satın alınmasından sonra elan etdi. “Motorola” şirkəti jurnalistlərə avqustun 1-də keçirilən yeni “Moto X” smartfonunun təqdimatına dəvət göndərib. Lakin artıq internetdə qurğu haqqında, demək olar ki, bütün informasiya yerləşdirilib. Etibarlı mənbələrdən əldə edilmiş məlumatlara görə, sözügedən cihazın ekranının diaqonalı təxminən 4,5 düymdür və o, 1,7 QHs takt tezlikli ikinüvəli “Snapdragon MSM8960T” (S4 Pro) prosessoru ilə təchiz edilib. Bu çip “Adreno 320” sürətli qrafikasına və daxili rabitə moduluna malikdir. Əməli yaddaşın həcmi 2 QB olacaq.
Smartfonun arxa qapağı çıxarıla bilən olacaq və kevlar adlı materialdan hazırlanacaq. Qeyd edək ki, kevlar materialı poladdan beş dəfə daha möhkəmdir. “Moto X” smartfonu hələ ki “Android 4.2.2” versiyası ilə işləyir. Eyni zamanda, smartfon xeyli qeyri-standart proqram funksiyaları ilə təchiz edilib.




