"Google" şirkəti 25 il əvvəl itkin düşmüş hindli oğlanın real hadisələrə əsaslanmış həyatı haqda film hazırladı. Video çarxın qəhrəmanı "Google Earth" servisindən istifadə edərək ailəsinə qovuşur.


O, Hindistan şəhərlərindən birində ailəsi ilə birlikdə vağzalda olarkən itir. Onu tapan şəxslər balacanı yetimlər evinə göndərirlər. Daha sonra isə o, bir avstraliyalı ailə tərəfindən övladlığa götürülür. Böyüyəndən sonra Saroo Brierley öz uşaqlıq arzusunu reallaşdırmaq-əsl ailəsini tapmaq qərarına gəlir.



O, "Google Earth" servisinin köməyilə itkin düşdüyü yerin ətrafını araşdırır. Nəticədə isə gəldiyi yerdən geri qayıdaraq yaşadığı evin qapısına qədər gedib çıxır və 25 ildən sonra anasına qovuşur.


Bu hekayə dünyanın bir çox ölkələrində rezonans yaratdı və insanların qəlbinə yol tapdı. Təəccüblü deyil ki, "Google" şirkəti bu təsirli hekayə haqda film çəkmək qərarına gəldi.