Dünyanın ən iri kompüter istehsalçılarından biri Dell şirkətinin fevralın 3-də başa çatan 2011-2012-ci maliyyə ilinin yekunları üzrə xalis mənfəəti ötən maliyyə ili ilə müqayisədə 33 faiz artaraq 3,49 milyard dollar təşkil edib.


RİA Novosti-nin yazdığına görə, illik mədaxilin daha çox hissəsi – üçdə biri şirkətin mobil həllərinin payına düşüb. Belə ki, ilin yekunları üzrə bu seqmentdə satış həcmi 1 faiz artıb.
Ötən il ərzində Dell-in server və şəbəkə bölməsinin mədaxili 10 faiz artaraq nisbətən nəzərəçarpacaq artım nümayiş etdirib. Həmin bölmənin şirkətin ümumi gəlir strukturunda payı 13 faiz olub.
Personal kompüterlərin istehsalı üzrə biznesin mədaxilində 4 faiz azalma qeydə alınıb, lakin ümumi mədaxildə onun payı hələ də dörddə birə yaxındır.   
Dördüncü rübdə şirkətin xalis mənfəəti 764 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 18 faiz aşağıdır.
Dell-in hesabatı ümumilikdə ekspertlərin gözləntilərini doğrultmayıb və hesabat dərc edildikdən sonra şirkətin səhmlərinin qiymətində azalma müşahidə olunmağa başlayıb.