Çəkdiyi filmlər ilə sevilən məşhur rejissor Michael Bay, iş yüzlərlə adam qarşısında təqdimata gəlincə çarəni qaçmaqda tapıb. Michael Bay "Transformers", "Armageddon", "Pearl Harbor" kimi filmlərin rejissorluğunu edib.



O, Las Vegasda başlayan İstehlakçı Elektronika Şousunda (CES) yüzlərlə jurnalist və sektor mütəxəssisinin qatıldığı təqdimatda Samsungun 105-inçlik yüksək dəqiqlikli qövslü televizorunu tanıtmaq üçün səhnəyə çıxıb.



Ancaq işlər heç də gözlənildiyi kimi getməyib. Səhnəyə çıxdığı an hərəkətlərindən həddindən artıq həyəcanlı olduğu müşahidə edilən Bay bir dəqiqə dözdükdən sonra səhnəni tərk edib. Samsungun baş direktorunun köməkçisi "Joe Stinzianos"unun “Yaxşı qövs? Sizcə qövslü ekran sizin filmlərinizi izləyən tamaşaçıların təcrübələrinə necə təsir edəcək?” sualı ardından Bay, “İcazənizlə. Üzr istəyərəm, üzr istəyərəm” deyərək səhnədən sürətlə ayrılıb. Mövzuyla əlaqədar Samsung rəsmi bir açıqlama verməyib.



Ancaq Michael Bay öz blogunda bu açıqlamanı verib: “CES-də özümü utandırdım - Samsungun möhtəşəm qövslü 105 düymlük UHD TV-si ilə əlaqədar danışmaq üzrəydim. Çox nadir olaraq adımın bir məhsul ilə çəkilməsinə icazə verərəm, ancaq bu məhsul başqa və möhtəşəmdir. Danışarkən çox həyəcanlandım, direktor köməkçisinin təqdimat ifadələrini qaçırdım. Hesab edirəm ki, canlı şoular mənim işim deyil."