Hindistanın “Karbonn” şirkəti eyni anda “Android” və “Windows Phone” mobil əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən dünyanın ilk mobil qurğusunu təqdim etmək niyyətindədir. Şirkət Microsoft korporasiyası ilə saziş imzalayıb və artıq iyunda satışlara başlamağa hazırdır.
Qeyri-adi qurğuda ikisistemliliyin necə həyata keçiriləcəyi və qiyməti barədə hələ ki məlumat verilmir. Bununla belə, şirkət nümayəndələri qeyd ediblər ki, qurğu kütləvi istifadəçilərdən daha çox texnologiya sahəsi ilə maraqlanan şəxslər üçün nəzərdə tutulub.
“Karbonn”un qeyri-adi smartfonlarının Hindistandan kənar bazarlara çıxarılacağı barədə məlumat hələlik yoxdur. Qeyd edək ki, hazırda “Windows 8” və “Android” sistemlərini özündə birləşdirən bir neçə hibrid planşet kompüter istehsal edilib. Bununla yanaşı, “Windows Phone” və “Android” ilə işləyən hibrid smartfon hələ ki təqdim olunmayıb.