Dünyanın ən böyük qəhvəxana şəbəkəsi və qəhvə satışı şirkəti “Starbucks”, qəhvə bazarındakı hökümranlığını çay bazarına da daşımaq istəyir. Bunu şirkətin İcraçı direktoru (CEO-su) Howard Schultz CNBC kanalına verdiyi açıqlamasında bildirib.
Schultz, “Qəhvədə etdiyimizi çayda da edə bilərik” deyib və qlobal çay bazarının 90 milyard dollarlıq bir bazar olduğunu düşündüyünü söyləyib. “Starbucks”ın bu yaz 3 mindən çox mağazada yeni məhsullar təqdim etməyə başlayacağını, onların arasında xüsusi qazlı içkilərin də yer alacağını sözlərinə əlavə edib.
Artıq şirkət qəhvə ilə bərabər çay və bəzi mağazalarında spirtli içkilər də təqdim etməyə başlayıb. “Starbucks”, çay istehsalçısı “Teavana”nı satın almışdır. Şirkət son dövrlər ABŞ-ın televiziya ulduzu Oprah Winfrey ilə çay aromatları və çay məhsullarının satışa çıxarılması ilə bağlı birgə bir iş icra edir.Qəhvə nəhəngi maliyyə baxımdan da yaxşı günlər yaşayır. Şirkətin qlobal satışları ilk rübdə 6% artaraq proqnozları aşıb. Şirkətin rəhbəri, içkilərə əlavə olaraq yemək sahəsində də yeni məhsullar hazırladıqlarını söyləyib.