İki ağıllı telefon istehsalçısı Apple və Samsung arasında bir aydır Kaliforniyanın San-Jose şəhərində davam edən patent pozuntusu iddiası üzrə məhkəmədə federal hakim Samsungu Apple-ə 119,6 milyon dollar təzminat ödəməyə məhkum edib.
Apple istehsal etdiyi “iPhone”ların bir sıra xüsusiyyətlərini təqlid etməklə günahlandırdığı “Samsung”dan 2,2 milyard dollar təzminat istəmişdi. 2012-ci ildəki iddiada hakim Samsungu 930 milyon dollar təzminat ödəməyə məhkum etmiş, ancaq “Apple”in bu firmanın məhsullarını ABŞ ərazisində satılmasını qadağan etmək barədə tələbini rədd etmişdi.
Apple, 2012-ci ildəki iddiadan başqa aralarında "axtarış texnologiyası" və "barmaq sürüşdürərək açma" xüsusiyyətlərinin də olduğu özünə aid dörd patenti “Samsung”un pozduğu iddiasını qaldırmışdı. Apple, qaldıdığı iddiada arasında Galaxy III-ün də olduğu müxtəlif Samsung telefonlarının satışının qadağan edilməsini və onun 2,2 milyard dollar təzminat ödəməsini tələb etmişdi. İddiaya səbəb olan dörd patentin ikisinin pozulduğuna qərar verən hakim, eyni zamanda “Apple”in də Samsunga aid bir patent haqqını pozduğuna qərar verərək iPhone istehsalçısını 158 min dollar təzminat ödəməyə məhkum edib. Dünyanın ən böyük iki ağıllı telefon istehsalçısı ötən il 338,2 milyard dollara çatan bazarı bölüşürlər.