16-20 Dekabr tarixlərində Fransa, Courcheveldə keçirilən "Cristal" kreativlik və innovasiya festivalında müşahidə etdiyim və eşitdiklərim haqqında çalışacam hər günü sonunda qısa-qısa məlumat verim. Dünən tədbirin qeydiyyat və qarşılama hissəsi baş tutub.



Marketinq adına elə də ciddi bir yenilik olmadığı üçün, Festivala bu gün qatılmaq qərarına gəldim. Təşkilatçılardan qaynaqlanan müəyyən logistik problemlər səbəbindən dünəndən Fransada olsam Coruchevelə bu gün günorta saat 2 radələrində gəlib çata bildim. Tədbirin keçirildiyi məkana gələnə qədər artıq bir neçə hadisəni qaçırmışdım.



Qısaca məlumata verim ki, səhər saat 10-da İdman marketingi, Brend mədəniyyəti, PR və Dizayn bölmələri üzrə qısa listlər açıqlanmışdı, hansılar ki, qaliblər bu gün axşam açıqlanacaq. Mənim tədbirin qatıldığım hissəsində isə ilk öncə İdman Marketinqi bölməsində 3 spiker çıxış etdi. Ilk öncə səhnəyə Philippe Lacoste (məşhur Lacoste ailəsinin üzvü) çıxdı və xizək sevərlər üçün yeni yaratdıqları bir geyim brendini necə sıfırdan qurmağa başladıqları, brendin tanıtımı hissəsində hansı komunikasiya vasitələrindən istifadə etdikləri haqqında məlumat verdi.



Onun, ardınca səhnəyə Red Bull Creativin kreativ direktoru Simon Schwaighofer çıxdı və Red Bull brendinin idman yarışları və komandalarından öz brendlərini tanıtmaq üçün necə istifadə etdiklərindən danışdı, Salzburg futbol və buz hokkeyi idman klubları ilə etdikləri kampaniyanı və yaratdıqları idman akademiyası haqqında məlumat təqdim etdi və sonda aldıqları bəzi statistik nəticələri paylaşdı. Daha sonra isə “Havas Sports and entertainments”in prezidenti və qlobal baş icraçı direktoru fanatlar, onların istək və arzuları və marketinqdə bu istək və arzuların necə istifadə olunmasından danışdı.



Daha sonra “Musiqi və Marketinq” bölməsində çıxışlar başladı. İlk çıxışda “Warner Records”un baş Kreativ meneceri çıxış etdi və çıxışında ən maraqlı məqam kimi 95% reklamlarda musiqidən istifadə faktının qeyd etmək olar. Sonrakı spiker isə deyəsən bir az hazırlıqsız gəlmişdi elə vaxtını sual verməklə keçirdi. Günün sonuncu çıxışları isə brend kontentlər haqqında oldu. Burada isə Rain ABŞ-ın baş icraçı direktoru Brian Edelman, AOL-un vitse prezidenti və beynəlxalq satış direktoru Penny Harris, Gerog Ramme öz şirkətlərinin müxtəlif şirkətlər üçün həyata keçirdikləri kontent kampaniyalar və aldıqları nəticələr haqqında qısa məlumatlar paylaşdılar və kontent marketinq haqqında bir neçə statistik məlumat.



Məsələn Edelman qeyd etdi ki, TV video reklamlar video reklamların böyük bir hissəsini özündə saxlasa da, gələcək üçün bu tendensiya online istiqamətdə dəyişməkdədir və 2020-ci ildə bütün qitələrdən olan insanların hər birinin ağıllı telefonu olacağı haqqında bir proqnoz verdi. Daha sonrakı çıxışında Penny Harris millennials deyə adlandırılan yaş qrupunun (18-33 yaş arası) 33%nin ümumiyyətlə TV-ə baxmadığını qeyd etdi və bu tendensiya da TV-nin əleyhinə olaraq dəyişməkdədir. Son olaraq isə Petra Kroop brend kontenti bölməsini öz çıxışıyla sonlandırdı.



Saat 19:30-da isə mükafatlandırma mərasimi başladı və İdman marketingi, Brend mədəniyyəti, PR və Dizayn sahələrində dünyanın müxtəlif ölkələrindən olan işlərin içərisindən ən yaxşıları müəyyənləşdirilərək mükafatlandırıldı. PR bölməsində demək olar ki, bütün mükafatları sosyal yönümlü işlər əldə etdi və sevindirici hal ondan ibarət oldu ki, Cristal Festivalın PR bölməsinin "Xidmətlər" alt-qrupunda Young & Rubicom FMS Rusiyanın Azərfon - Nar Mobile üçün hazırladığı (The Life-saving cable) "Nar donor kabel" Cristal (qızıl) mükafat qazandı.