Bu gün Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, həmçinin Olimpiya oyunlarının ümumdünya tərəfdaşı olan "Coca-Cola" şirkəti arasında "Bakı 2015" 1-ci Avropa Oyunlarının sosial idman irsi olaraq sağlam və aktiv həyat tərzinin təbliğinə dair əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.



Anlaşma memorandumuna əsasən "Coca-Cola" şirkətinin maliyyə dəstəyi, "MOK"un rəhbərliyi, Təhsil Nazirliyi ilə birgə Gənclər və İdman Nazirliyi, həmçinin Bakı Avropa Əməliyyat Şirkətinin təşkilatçılığı ilə həyata keçirilən FASA proqramı ("Fəal Ailəm, Sağlam Aləm") Azərbaycanda əhalinin, xüsusən də ailələrin müntəzəm olaraq idmana cəlb edilməsi üçün müxtəlif miqyaslı və çox şaxəli fəaliyyətlər həyata keçiriləcək.



İmzalanma mərasimində çıxış edən "MOK"un vitse-prezidenti Çingiz Hüseynzadə bildirib: "Avropa Oyunlarının rəsmi tərəfdaşlarındanbiri olan "Coca-Cola" şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzi təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik. Bu müddət ərzində 12-dən artıq müxtəlif təyiinatlı və miqyaslı layihələr həyata keçirilib. Bu layihələr sırasında ən uzunmüddətli və geniş miqyasa malik olanı FASA proqramıdır. 5 il müddət üçün nəzərdə tutulan proqrama 2014-cü ildən Təhsil Nazirliyi və 2015-ci ildən Gənclər və İdman Nazirliyinin qoşulması uğurlu haldır. Layihənin belə uğurlu və davamlı fəaliyyətinə görə bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm".



Öz növbəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov Avropa Oyunlarının sosial inkişaf baxımından əhəmiyyətini vurğulayıb: "Avropa Oyunları həm ölkəmizin inkişafının göstəricisidir, həm də ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olacaq böyük stimuldur. FASA proqramı isə əhalimizin, ailələrimizin sağlam və aktiv həyat tərzinə olan marağını təmin etmək üçün gözəl imkan yaradır. Avropa Oyunlarının sosial irsi olaraq Azərbaycanda daha çox insanların sağlam həyat tərzinə cəlb olunacağına inanıram və "Coca-Cola" şirkətinə bu vacib proqrama dəstək göstərdiyinə görə təşəkkürümü bildirirəm".



Daha sonra çıxış edən Azərbaycanın təhsil nazirinin müaviniFirudin Qurbanov təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsinin müstəsna əhəmiyyət kəsb etməsi, bu sahədə nazirliyin son illər həyata keçirdiyi layihələr haqqında danışıb. Nazir müavininin sözlərinə görə, FASA proqramı və bu kimi digər sosial idman layihələri təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından çox əhəmiyyətlidir.



"Azərbaycan Coca-Cola Bottlers" şirkətinin baş meneceri Cem Becel tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəminivurğulayıb: "Müntəzəm idman, fəal həyat tərzi insanların sağlamlığını artırır, onların xoşbəxtlik hissini gücləndirir. Sağlam və aktiv həyat tərzi cəmiyyətin inkişafının bir hissəsidir. Məhz bu səbəbdən "Coca-Cola"şirkəti 1928-ci ildən bu günədək Olimpiya oyunlarının tərəfdaşıdır və işlədiyimiz bütün ölkələrdə əhalinin sağlamlığı, onların idmana cəlb olunması üçün müxtəlif miqyaslı layihələrə dəstək oluruq. MOK ilə 2013-ildə icrasına başladığımız FASA proqramı ailəvi idman yarışları vasitəsilə indiyədək ölkənin 40 rayon və şəhərin 300-dən artıq məktəbini əhatə edərək on minlərlə insan müntəzəm fiziki hərəkələrə cəlb edilib. Bunu böyük uğur kimi qəbul edirik və bu işdə əməkdaşlıqlarına görə Olimpiya Komitəsi, Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliklərinə öz təşəkkürümü bildirirəm".



İmzalanma mərasimində FASA proqramı haqqında videofilm nümayiş etdirilib və qeyd olunub ki, 2015-ci ildən etibarən "FASA"nın televiziya variantı da hazırlanmaqdadır. Beləki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin dəstəyi ilə ilk dəfə olaraq ötən ilin təsnifat yarışlarında iştirak edən 20-yə yaxın ailəteleyarışın avtomobil hədiyyəsini qazanmaq üçün öz güclərini sınayacaq. FASA ilə bağlı digər maraqlı bir yenilik isə Avropa Oyunları ilə əlaqədardır. Aprelin 26-da start veriləcək Avropa Oyunları məşəlinin alovlandırılması və yürüş prosesində "FASA"nın 2014-cü ilin qalib ailəsi də iştirak edəcəklər. Bütün bu həvəsləndirici tədbirlər Avropa Oyunlarının ruhlandırıcı gücü vasitəsilə daha çox insanın sağlam və aktiv həyat tərzinə cəlb olunmasına xidmət edir.