"Sony" alüminium çərçivəli və 5,2 inç ekranlı yeni Xperia modelini təqdim edib. Bu, "Sony"nin, ağıllı telefon sektorundakı yarışı hələ də davam etdirdiyini göstərib. Sony "Xperia Z4"ü Yaponiya bazarında bu ilin ortalarına kimi satışa çıxaracağını bildirib. Cihaz, 4 fərqli rəng variantı ilə əvvəlki model "Z3"dən bir az daha nazik olacaq. Bu model yalnız Yaponiyada satılacaqdır. Sony digər bazarlar üçün daha güclü modelini yaxın gələcəkdə təqdim edəcəkdir.
Keçən il "Sony"nin telefon bölməsinə rəhbər təyin olunan Hiroki Totoki, "Sony"nin "Samsung" və "Apple"ın hakim olduğu bazarın ən yüksək səviyyəsini hədəf seçdiyini bildirərək, "Ağıllı telefonların qiymət intervalı çox genişdir, 100 dollardan başlayaraq 1,400 dollara çatan qiymətlərə satırlar. Biz bunun yüksək səviyyəsinə fokuslanırıq" deyib.
"Sony"nin telefon vahidi, Samsung və Apple kimi yüksək səviyyəli rəqiblərindən geridə qalmışdır. Bir vaxtlar Walkman və Trinitron televizorları ilə qlobal əyləncə sektorunda mühüm rol oynayan şirkət, uzun zamandır dünyanı təsiri altına alan trendlər yaratmaqda çətinlik çəkir. Sony, Fevral ayında televizor və mobil telefon istehsalını azaldıb kompüter oyunu kimi daha uğurlu istehsallara yönələcəklərini də açıqlamışdı.


