Bu gün Azərbaycan sığorta bazarı əvvəlki dövrlərə nisbətən daha çox dəyişən və inkişaf edən olmuşdur. Şübhəsiz ki, bu qanunvericilikdəki dəyişikliklərlə, eləcə də, digər çoxsaylı iqtisadi və qeyri-iqtisadi faktorlarla bağlıdır. Bazarın bu cür dəyişməsi ona yeni yanaşmaları tələb etməkdədir. Azərbaycan sığorta bazarında marketinqin düzgün tətbiqi, xüsusən də, onun ən müasir konsepsiyalarından olan marketinq miksin tətbiqi yerli sığorta şirkətləri üçün olduqca əhəmiyyətlidir. Sığorta şirkətlərinin inkişafı sığorta bazarının inkişafına, bu inkişaf isə öz növbəsində zəncirvari olaraq bütün iqtisadiyyatın inkişafına təkan verə bilər. Məhz bu sadalananlar sığorta bazarında marketinqin əsas istiqamətlərinin araşdırılmasına əsas verir.
Dünya təcrübəsində sığorta fəaliyyəti ilə məşğul olan şirkətlərin marketinqi həm kommersiya fəaliyyətinin idarə edilməsi həm də, bazarının araşdırılması üçün çox geniş yayılmışdır. Bir çox xarici sığorta şirkətləri ötən əsrin 60-cı illərindən etibarən öz fəaliyyətlərində marketinqdən yararlanmağa başlamışdırlar. Bir qayda olaraq sığorta şirkətlərində marketinq sığorta məhsulunun sığortaçıdan sığorta olunanlara qədər irəlilədilməsini nəzərdə tutan fəaliyyət istiqaməti kimi izah edilir. Həmçinin marketinq sığorta məhsulunun bazarın təlabatına uyğun ssığorta şirkətinin bütün fəaliyyətinin təşkilinə və idarəedilməsinə kompleks yanaşmanı tələb edir. Bu halda da, sığorta şirkəti tələbi yaratmalıdır. Bundan ötrü də, marketinqə kompleks yanaşma tələb olunur. Dünya təcrübəsində marketinq sığorta şirkətinin beyin mərkəzi hesab olunaraq, sığorta şirkətinin həm cari durumu, həm də, perspektivləri barədə informasiya və tövsiyyələrin əsaslandırılması mənbəyi kimi çıxış edir. Azərbaycan sığorta bazarı yeni lakin sürətli templərlə inkişaf etməkdə olan bazar olduğundan marketinqə önəm verilməsinə xüsusi ehtiyac vardır. Həmçinin marketinq həyata keçirilərkən marketinq miksin tətbiq edilməsi vacibdir. Marketinq miks taktiki marketinq alətləri kompleksini özündə birləşdirən sistemdir. Bu səbəbdən də, marketinq miksin tərkib hissəsi olan bütün elementlər idarəediləndir və rəqabətli bazarda uğur əldə edə bilmək, istənilən dəyişiklərə daha tez və düzgün reaksiya verməkdən ötrü onun tətbiqi çox vacibdir. Marketinq miks XX əsrin 60-cı illərinin əvvəllərində ABŞ marketoloqu Cerom Makkarti tərəfində irəli sürülmüşdür. Dörd komponentdən ibarət olan bir marketinq kompleksi hər biri ingilis dilində P hərfi ilə başladığından 4P adlanırdı. Sonralar bu komplekse əlavələr edildi. Hal-hazırda marketinq miks dedikdə aşağıdakı elementlər nəzərdə tutulur:
· Məhsul (product)
· Qiymət (place)
· Məkan (place)
· Təşviqat (promotion)
· İnsanlar (people)
· Proses (process)
· Fiziki ətraf (physical distribution)
Marketinq miksin bütün elementləri sırf müştərilərə yönəlik və daha çox rentabelli marketinqin həyata keçirilməsinə və eyni zamanda daha çox gəlir gətirəcək fəaliyyətə imkan verir.
Marketinq miksin birinci vacib elementi məhsuldur (place). Sığorta məhsulları bazarı elə bir iri seqment olmuşdur ki, artıq sığortanın marketinqi öz hədəfləri, strategiyası və öz qaydaları olan marketinqin ayrıca bir növüdür. Sığorta marketinqi sığorta bazarına aid olan bir elementdir. Bu element bazarın öyrənilməsinə və müştəri ilə işin optimallaşdırılmasına yönəlmişdir. Sığorta marketinqinin marketinqin ayrıca bir növü olmasına səbəb sığorta məhsuludur. Belə ki, sığorta məhsulu çoxistiqamətlidir və hər bir istiqamət üçün də fərqli marketinq yanaşması tələb edilir. Hər bir məhsul özünün ayrıca məqsədli bazar vardır ki, marketinq ona hədəflənmiş olsun. Sığorta bazarında rəqabət çətin olduğundan potensial müştərilərə aid bütün detallar, həmçinin əlavə cəlbedici cəhətlər sığorta məhsullarının uğurlu marketinqi üçün istifadə edilməlidir. Sığorta məhsullarının marketinqi həyata keçirilərkən sığortanın yönəlmiş olduğu obyekt nəzərə alınmalıdır və marketinqin məqsədi həmin obyektə dair qərar verən şəxslər üzərində fokuslaşmalıdır. Məsələn konkret olaraq, birbaşa insanlara ən çox orientasiya olunmuş sığorta məhsulunun marketinqinə diqqət yetirək. Belə məhsula misal olaraq həyat sığortası və sağlamlıq sığortasını qeyd etmək olar. Bu iki məhsulun marketinqinin oxşar cəhəti müştəriyə təklif edilən rahatlıq hissidir. Bu məhsulun marketinqində üzə çıxarılması vacib olan detal yüksək keyfiyyətli tibbi yardımın mövcudluğu və tibbi xidmətlərin əlyetərliliyidir. Biznesin sığortalanması da, marketinq bir qədər fərqli olur. Burada marketinqin əsas məqsədi potensial müştərilərin həqiqətən də, biznesinlərinin sığortalanmasına ehtiyacın olduğunu başa salmaqdır. Bu həm kiçik və orta sahibkarlıqla məşğul olanlara, həm də iri sahibkarlıq strukturlarındakı məsul şəxslərə yönəlməlidir.
Məqsədli bazara təsir etməyin ən vacib yolu qiymətdir (price). Bu baxımdan da, sığorta şirkətlərində qiymət və ona təsir edən amillər nəzərə alınmalıdır. Sığorta sahəsində qiymətə dair qərarlara bu amillər təsir edir:
· Sığorta polislərinə nisbətən yığım
· Yığıma nisbətdə faiz
· Konsultansiya və anderraytinq fəaliyyətinə görə komissiyalar
Sığorta şirkətinin qiymətə dair strategiyası məqsədli bazara, müştərilərə və şirkətin bazardakı durumuna uyğun olaraq aşağı qiymət səviyyəli və ya yuxarı qiymət səviyyəli ola bilir.
Marketinq miksin digər bir elementi olan məkan(place) iki vacib aspektlə bağlıdır.
1. Satışla məşğul olan personalın idarə edilməsi
2. Filialların yerləşmə areası
Agentlərin və digər satıcıların idarəedilməsi sığorta marketinqinin vacib hissəsi olub bölmələr arasında sıx əlaqələrin olmasına əsaslanır. Bu da, öz növbəsində müştəriyə daha yönəlik marketinqin aparılmasına imkan verir. Filialların yerləşməyinə gəldikdə isə sığorta şirkətinin filialları potensial müştərilərin daha çox olduğu regionlarda olması marketinqin məqsədlərinə çatmaqda olduqca vacibdir.
Sığorta xidmətlərinin marketinqi effektiv təşviqatın (promotion) aparılmasından asılıdır. Xüsusən də, ölkədə insanların sığorta barədə maarifləndirilməsinə ehtiyac olduğuna görə sığorta şirkətləri tərəfindən aparılan promo tədbirlər də, bu istiqaməti əhatə etməlidir. Promo tədbirlərin həyata keçirilməsi zamanı şirkət öz filiallarını və agentliklər şəbəkəsini də, nəzərə almalıdır. Promo tədbirlərin ayrılmaz və vacib tərkib hissəsi reklamdır. Sığorta məhsullarının reklamı zamanı istifadə edilən vasitə və üsullar müxtəlif və say etibarı ilə çox olmasına baxmayaraq, onlardan hər bir məhsula uyğun olanı, sığorta məhsulunun xüsusiyyətləri ilə üst-üstə düşəninin seçilməsi çox vacib şərtdir. İnternet istifadəçilərinin artması sığorta bazarının internet marketinqinin də inkişafının vacibliyini ön sıraya çəkir. Sığorta şirkətinin internet marketinq zamanı nəzərə almalı olduğu əsas amillərdən biri internet vasitəsi ilə sığorta məhsulunu sata bilmək imkanın olması və internetdən müştərilərlə əlaqə yaradılması üçün istifadə edilməsidir. Eyni zamanda sığorta məhsulunun marketinqi zamanı nəzərə alınmalı vacib bir detal sığorta şirkətinin veb səhifəsidir. Müştərilər internetləri olduğu təqdirdə dünyanın istənilən yerində istədikləri şeyi əldə etmək imkanına malik olurlar. Bu da, şirkətlərə imkan verir ki, onlar müştərini cəlb edə biləcək veb səhifə yaratmaqla satış prosesini gücləndirsinlər. Bu onların hədəflədiyi kütləyə çatmaqdan ötrü də yardımçı olan bir üsuldur. Veb səhifə yaradarkən sığorta şirkətinin nəzərə almalı olduğu 7 element vardır ki, onlar aşağıdakılardır:
1. Kontekst(Context) . Vebsaytın maketi və görüntünün vizual dizaynı lakonik, asan oxunan olmalıdır. Marketinq nöqteyi nəzərdən rənglərin uyğunluğu nəzərə alınmalıdır. Bütün bunlar həm də, səhifəni daha oxunaqlı edir.
2. Ticari (Commerce): Əgər veb səhifə kommersiya xarakteri daşıyacaqsa o təhlükəsiz və müştəri ilə birbaşa əlaqəli olmalıdır. Xarici təcrübədə bu iki məqsəd nəzərə alaraq qıfıl şəkilli işarənin təqibi ilə məlumatı yerləşdirirlər.
3. Əlaqə (Connection): Müştərini saytla bağlayacaq çoxsaylı linklərin mövcudluğu.
4. Komunikassiyalar (Communication): Kompaniya müştəriləri ilə necə danışmalıdır; bunu xüsusi təkliflərə yazılma ilə, müsabiqələr, sorğular ilə, kompaniya əməkdaşları ilə müxtəlif müsahibələrlə və kompaniyanın kontaktlarına dair informasiya ilə etmək olar.
5. Tərkib (Content): təqdim olunan müxtəlif mətn, qrafik, musiqi, video.
6. İctimaiyyət (Community) : sayt müştərilərlə əlaqəni və eləcə də, müştərilər arasında əlaqəni forumların, müzakirələrin mövcudluğu ilə təmin edə bilər.
7. Özəllik (Customization): kompaniya müştərilərə saytın müxtəlif aspektlərini sırf özlərinə məxsus tərzdə istifadə etməyə imkan verməlidir. Məsələn müxtəlif seqmentə aid (müxtəlif məhsulla maraqlanan) insanlar üçün müxtəlif rənglərin verilməsi.
Sığorta xidmətləri barədə informativ və faydalı saytların yaradılması şübhəsiz ki, müştərilərin sayını artırlr, kompaniya haqqında, müsbət imicə şirkətin xeyrinə təsir göstərir, eləcə də, cəmiyyəti sığorta məhsulu barədə daha məlumatlı edir. Lakin bu heç də, sırf rəqəmsal texnologiyaların, internetin hər şeyi həll etməsi demək deyil. Qeyd etdiyimiz onlayn strategiyalarla yanaşı, sığorta şirkətlərində marketinqlə məşğul olarkən televiziy, radio, küçə reklamı və sair kimi vasitələrdən də yararlanmaq mümkündür. Sığorta şirkətində marketinq öz hədəflərinə birbaşa marketinq strategiyaları ilə də, çata bilərlər. Bir sıra marketinq metodlarından və yaradıcı reklam qərarından istifadə müəyyən bir sığorta məhsulunu, məhsulun hansı seqmentə yönəlikliyinin onu populyar etdiyindən də, məhsulu daha çox “nəzərə çarpan” edə bilər və onun tanıtımlılığını daha çox artıra bilər. Sığorta məhsulnun reklamı zamanı mövcud qanun vericilik də, nəzərə alınmalıdır, belə ki, Reklam haqqında Azərbaycan Respublikasının qanununda qeyd olunmuşdur ki, reklam sifarişçisinin fəaliyyəti üçün lisenziya tələb olunduqda, reklamda lisenziyanın nömrəsi və bu lisenziyanı verən təşkilatın adı göstərilməlidir. Sığorta fəaliyyəti də, xüsusi razılıq tələb edilən sahə olduğundan bu məqama fikir verilməlidir.
Marketinq miksin növbəti elementi insanlardır(people). İnsanların, yəni müştərilərin, başa düşülməsi, onların ehtiyac və tələbatlarına uyğun sığorta məhsulunun yaradılması deməkdir. İnsanlarla sıx əlaqələri özündə əks etdirən sığorta fəaliyyəti,xidmət sahəsi olduğuna görə sözügedən resursun səmərəli istifadəsini ehtiva edir. Personalın tədrisi, onların müştəri təlabatına uyğun fəaliyyət göstərməsi şirkət üçün vacibdir. Həmçinin elektron resursların əlverişli olması və hər sahəni əhatə etməsi onu tələb edir ki, sığorta sirkətləri bu resursları da əhatə etsin və bu imkanlar hesabına müştəriyə daha yaxın olsunlar.
Proses (process) dedikdə ümumiyyətlə məhsulun satışına qədər və satış prosesindən sonra baş verən hər bir şeyin idarəedilən olması nəzərdə tutulur. Ödənişlərin sürəti və dəqiqliyi də, burada nəzərə alınmalıdır. Bu müştəri üçün daha əlverişli və asan olmalıdır. Texnoloji imkanlardan istifadə isə əlavə xərclərdən azad olunmaq imkanı yaradır. Həmçinin müştəri xidmətlərinin daha da, optimallaşdırılmasına imkan verir. Bütün bunlar daha rentabelli marketinqə və ümumiyyətlə daha rentabelli fəaliyyətə səbəb olur.
Fiziki ətraf (physical distribution) marketinq miksin son elementidir. Bölünmə və paylaşma sığorta şirkətinin uğurlu fəaliyyətinin əsas elementi hesab oluna bilər. Burada kompaniyanın sığorta məhsulunun satışına təsir edən müştəri ilə əlaqəni daha asan edən çoxsaylı elementlər daxildir.
Bütün bu qeyd olunanlar müasir dövrdə sığorta sahəsində marketinq miksin elementlərinin şirkətlər tərəfindən tətbiq edilməsinin bazarın inkişafında vacibliyini ortaya qoyur.