Vaxt keçdikcə Yunanıstan daha çox xaosa qərq olur və ölkə ikinci rübün sonunda bütünlüklə gərgin durumdadır ki, bu da maliyyə bazarlarını risk altında saxlayır. Bu cür qeyri-stabil vəziyyətdə və Avropa İttifaqında Yunanıstanın üzvlüyü bağlı İyulun 5-də keçirilməsi nəzərdə tutulan referendum öncəsi “Saxo Bank” üçüncü rüb üçün olan proqnozlarını açıqlayır. Məhz buna görə 2015-ci ilin üçüncü rübü üçün olan proqnozlar müəyyən qədər böhranın səviyyəsindən və Yunanıstanın Aİ-dəki üzvlüyünə “yox” cavabının digər üzv ölkələr üçün nə dərəcədə “yoluxucu” olacağı kimi proseslərdən asılı olaraq qalır.



Bir tərəfdən optimistlər bildirirlər ki, Avropa Mərkəzi Bankı daha çox pul çap edərək kreditorlara olan böyük məbləğdə borcu ödəyə bilər. Digər tərəfdən isə Yunanıstanın referendumda “yox” cavabı Avropa ərazisində əhəmiyyətli “domino effekti” təhlükəsi yarada bilər və qlobal narahatlıq maliyyə bazarlarında kəskin enməyə səbəb ola bilər. Bu səbəbdən, “Saxo Bank” vurğulayır ki, üçüncü rübdə baş verəcək proseslərin əksəriyyəti Yunan “alovunun” gücündən və Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrini vaxtsız yüksəltməsi ilə bağlı narahatlıqlarla əlaqəli olacaq:



1. Gəlir və inflyasiyanın aşağı olduğu uzun bir dövrün son mərhələsinə daxil oluruq, ancaq hər iki göstəricidəki artım aldadıcı ola bilər, belə ki, əsas proseslər 2016-cı ildə başlayacaq



2. Hazırda diqqət mərkəzində FES-in sədri Canet Yellenin iqtisadi siyasətin normallaşdırılmasına doğru yavaş, lakin doğru addımlamasıdır. Əsas suallardan biri faiz dərəcələrinin yüksəldilməsinin “birdəfəlik”, yoxsa “silsilə” tədbirlər qismində olacağıdır



Onlayn multi-aktivlərin ticarəti və investisiya üzrə ekspert sayılan “Saxo Bank” bildirir ki, hazırkı iqtisadi durum FES tərəfindən təklif olunan faiz dərəcələri artımını dəstəkləməsə də, Yellenin rəhbərliyi altında yekunda təəssüf doğuracaq bu tədbir istənilən halda həyata keçirilə bilər. Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen bildirir ki, FES-in faiz dərəcələrini artırmaqla bağlı perspektivləri üçüncü rübün ən mühüm bazar hadisəsidir. Yakobsen FES-in faiz artımını sentyabrda “minimal itki” yanaşmasını “bir dəfə ilə bitirmək” formasında həyata keçirəcəyini gözləyir: “Əgər bu yanaşma seçilərsə, o zaman dollar zəifləyəcək. Belə ki, maliyyə bazarlarında FES-in hazırkı fəaliyyətinə reaksiya olaraq marjinal kapital xərclərinin artması müşahidə olunacaq ki, bu da 2015-ci ilin ikinci yarısında konsensus nəticəsində gözlənilən iqtisadi artımın sürətlənməsini “beşikdəcə boğacaq”. Belə bir vəziyyətdə əmtəələrin, o cümlədən qızıl və gümüşün aktiv növü kimi daha səmərəli nəticələr verəcəyini gözləyirik”. Stin Yakobsen bu cür yanaşmanı FES-in faiz dərəcələrini 2018-ci ilədək 2% və daha yüksək göstəriciyədək artıracağı ilə bağlı ssenaridən daha real hesab edir.



Ancaq “Saxo Bank”ın baş iqtisadçısı uzunmüddətli dövr üçün daha optimist düşünür və hesab edir ki, dünya iqtisadiyyatının perspektivləri yaxşıya doğru dəyişir. “Artıq aşağı gəlir və inflyasiya ilə müşayiət olunun çoxillik dövrün son mərhələsindəyik. Bəzi hallarda sıfır faiz dərəcəsi siyasətində heç bir şey çalışmır. Sıfır dərəcədə maye buz halına keçir və bu proses iqtisadiyyatda da müşahidə olunur. Xəbərdarlıq üçün qeyd: Biz gəlirlərdə dəyişikliklərin olacağı yeni dövrə daxil oluruq. Yolumuz ilkin olaraq ilin sonuna doğru daha yüksək faiz dərəcələrindən keçəcək ki, burada yüksək kapital xərcləri artmaqda olan istehsalat xərcləri ilə - əmtəələr, enerji və kapital – birləşərək Avropada iqtisadi artımı yavaşlatmaqla ABŞ-da yenidən sıfır faizli inkişafa səbəb olacaq. Ancaq sadalananların ardınca biz makro və mikro səviyyədə real iqtisadi canlanma müşahidə edəcəyik: kiçik və orta şirkətlər yenidən borc götürəcək, pul aqreqatları artacaq və bu dövr ərzində ilk dəfə olaraq maaşlar zəif olsa da artacaq. Bu, 2015-ci ilin ikinci yarısında baş verəcək artım real əsasları olmayan yanlış başlanğıc olacaq və 2016-cı ildə isə biz aşağıdan yuxarıya doğru dirçələn iqtisadiyyatın şahidi olacayıq”. Qeyd olunanların fonunda Saxo Bank növbəti rüb üçün maliyyə bazarlarına dair proqnozlarını və başlıca ticarət strategiyalarını açıqlayır.



Əmtəələr



Son zamanlar neft və qızıl bazarlarında qiymətlər müəyyən diapazonda qərarlaşıb. Ancaq neft “ayıları” ümid edirlər ki, OPEC-in hasilatı və tələbin mövsümi maksimum göstəricisindən sonra ABŞ ehtiyatlarının artımı gözləntisi qiymətlərin aşağı enməsinə şərait yaradacaq. ABŞ-da faiz dərəcələrinin artımı qızıl bazarlarında alış üçün yaxşı imkanlar yarada bilər, deyə “Saxo Bank”ın Əmtəə Strategiyaları bölməsinin rəhbəri Ole Hansen vurğulayır. Hansen bildirir ki, üçüncü rübdə FES-in sədri Canet Yellenin rəhbərliyi ilə likvidliyin azaldılmasına başlanması ehtimal olunur. “Saxo Bank”ın Əmtəə Strategiyaları bölməsinin rəhbəri belə bir şəraitdə qızılın qiymətinin ilin sonuna yaxın hazırkı göstəricidən bir qədər yuxarı, unsiyaya görə 1,275 dollar civarında qərarlaşacağını proqnozlaşdırır.



Makroiqtisadiyyat



Birinci rübdəki tənəzzüldən sonra ABŞ iqtisadiyyatı yavaş, lakin dayanıqlı şəkildə əvvəlki inkişafına doğru qayıdır və hazırkı durumda məsələ FES-in faiz dərəcələrini artırması deyil, bunun nə zaman baş verəcəyidir. “Bazarda dirçəliş təqribi olaraq sentyabr-dekabr aralığında baş verəcək”, - deyə “Saxo Bank”ın Makroiqtisadi Strategiya bölməsinin rəhbəri Mads Koyfoyd bildirir. Bununla yanaşı Koyfoyd hesab edir ki, Avropa Mərkəzi Bankı üçüncü rübdə inkişaf istiqamətində hər hansı tədbirlər həyata keçirəcək. Ancaq AMB-nin problemləri fərqli xarakterlidir: yaxın gələcəkdə Yunanıstanın avrozonanı tərk etmə təhlükəsi var və suveren istiqrazların gəlirliliyi artır. İkinci rübdə gəlirliliyi cəmi 0.2% artım nümayiş etdirən Almaniyanın 10 illik dövlət istiqrazları artıq 0.8%-dən çox yüksəlib. Koyfoyd qeyd edir ki, 2015-ci ilin ikinci yarısında regionda iqtisadi artım əhəmiyyətli dərəcədə olmasa da, davam edəcək.



Valyuta bazarları (Foreks)



“Saxo Bank”ın Valyuta strategiyaları bölməsinin rəhbəri Con Hardi bildirir ki, avrozona öz problemlərindən heç cür yaxa qurtara bilmir və bu səbəbdən ABŞ iqtisadiyyatının dayanıqlı bərpasını təsdiqləyən statistik məlumatlar olacağı halda, dolların yüksəlişi davam edəcək. İkinci rübdəki nəzərəçarpan yüksəlişdən sonra dolların möhkəmlənməsi üçüncü rübdə də ABŞ valyutasını diqqət mərkəzində saxlayacaq. ABŞ-ın iqtisadi vəziyyəti ilə bağlı məlumatlar və FES-in faiz dərəcələrinin sentyabrda yüksəldilməsi ilə bağlı davamlı çıxışları (hansı ki, son doqquz ildə birinci dəfə olacaq) fonunda dolların yüksəlişinin dayanıqlı olacağı gözlənilir.



Sabit gəlirli qiymətli kağızlar



“Saxo Bank”ın sabit gəlirli qiymətli kağızlar bölməsinin rəhbəri Saymon Fasdal qeyd edir ki, qlobal bazarlarda istiqrazların gəlirliliyinin artması artıq maliyyə sektorunun başlıca müzakirə mövzularından birinə çevrilib. O, həmçinin üçüncü rübdə iqtisadi vəziyyəti korlaya biləcək məsələlərə də diqqət ayırıb: “Hal-hazırda Yunanıstandan başqa bazarlar üçün hər hansı əhəmiyyətli katalizator yoxdur. Avropanın “müqəddəs üçlüyü” – neft qiymətlərinin aşağı enməsi, avronun zəifləməsi və Avropa Mərkəzi Bankının istiqraz alışı üzrə proqramı – üçüncü rübdə iqtisadiyyatın dirçəlməsi, inflyasiya gözləntiləri və istiqrazların gəlirliyinin artmasına şərait yaratmalıdır”.



Asiya



“Saxo Bank”ın Asiya regionu üzrə makroiqtisadiyyat strateqi Key Van-Petersen bildirir ki, maliyyə bazarlarında “hücuma keçmək” və “müdafiə olunmaq” strategiyaları mövcuddur. Üçüncü rübün yüksək dəyişkənliklə xarakterizə olunacağı gözlənilir və bu o deməkdir ki, növbəti üç ay “səlahiyyətində olanı qoru” şüarı altında keçəcək. Key Van-Petersonun sözlərinə əsasən, maliyyə bazarları üçün çox çətin bir dövr başlayır. Belə ki, bu rübdə 2006-cı ildən etibarən ilk dəfə ABŞ-ın faiz dərəcələrini artırması ehtimalı monetar siyasətin sərtləşdirilməsinə səbəb ola bilər. “Saxo Bank”ın eksperti bildirir ki, ABŞ-da faiz dərəcələrinin yüksəldilməsi fonunda digər ölkələrin monetar siyasətin yumşaldılmasına meylli tədbirlər həyata keçirməsi dünya bazarlarında tarazlığı pozacaq. “Saxo Bank”ın ekspertləri tərəfindən hazırlanmış üçüncü rüblə bağlı analizlər, ticarət strategiyaları və maliyyə proqnozları haqda daha ətraflı məlumat üçün: http://tr.saxomarkets.com/campaigns/essential-trades/2015-q3?cmpid=cee_pr_camp2015q3