Mən kolleqam Rafiq Hunaltay kimi mənə lazım olmayanları sıralamayacam, çalışıb yalnız birindən amma bəlkə də bu günümüzün ən vacib və yaralı tərəfindən daha ətraflı yazacam. 2015-ci il qlobal baş verən hadisələr Azərbaycandan yan keçmədi. Belə ki, hamımızın yaralı yeri olan manatın devalvasiyası və neftin qiymətinin düşməsi məhəllədə köşk işlədənə də yamanca təsir etdi. Başda prezidentimiz İlham Əliyev olmaqla hamımız artıq əminik ki, artıq gücü qeyri-neft sektoruna verməliyik.
Ancaq bəzilərimiz bilirik ki, inkişaf edən dünyada ən önəm verilən sahə startaplardır. Bilməyənlər üçün qeyd edim ki, startap innovasiyalı ideyalar əsasında yaradılmış yeni layihələrdir. Bir çox ölkələr gənc startaplara xüsusi imtiyazlar ayırır, hətta innovasiya gətirən startap yaradıcılarına və komandasına vətəndaşlıq belə verilir. Bunun səbəbi sonradan startapların bu ölkələrə bütün dünyadan pul axınını təmin etməsidir.
Azərbaycanda da son vaxtlar "startap" ən dəbdə olan sözlərdən biridir. Mən söz gəlişi "sözdə" demirəm, bu doğrudan da belədir, yəni ancaq sözdədir. Başqa bizə yaxın ölkələrdə isə startaplar nəinki reallaşır, hətta ölkəyə küllü miqdarda pul axınını təmin edir. Məsələn, Ukraynada bu il "Looksery" startapını Snapchat (Amerika şirkəti) 150 mln. dollara aldı. Təsəvvür edirsiz, birdənbirə ölkəyə 150 mln dollar pul axını?
İlk baxışdan düşünmək olar ki, Azərbaycan sahibkarlarını bu sahə maraqlandırmadığına görə bu sahə bizdə inkişaf etmir. Lakin bu heç də belə deyil. Sizinlə şəxsi təcrübəmi bölüşərək mətləbə keçirəm və sizdən soruşuram: "Sizcə mənə bu lazımdır?"
8 ay bundan əvvəl qarşılaşdığım problem mənə startap yaratmaq üçün yeni ideya verdi. Gürcüstan və Ukrayna ilə sıx münasibətdə olduğumdan bu ideyanı 4 dildə etməyi qərar verdim və coğrafi hədəf olaraq MDB ölkələrini seçdim. İlk günlər ideyanın tezliklə reallaşdırmaqdan ötrü gecə-gündüz çalışırdım. Lakin ideyanı məhsula çevirdikdən sonra Azərbaycanda startap mühitinin olmamasına əmin oldum. İlk öncə vətənpərvərliyim tutdu. Layihəni ".az" zonasında yaratmağı və VOEN açdırıb vətənimizə vergi ödəməyi qərar verdim. Qərarımın əsas səbəbi Azərbaycan startapı kimi dünya bazarına çıxmaq idi. Sonda startapın startına mane olan maneələr mənə məqalənin başlığını dedizdirməyə məcbur etdi. Hədəfə doğru irəlilədikcə qarşılaşdığım maneələr – "heç mənə lazım olmayanlar":
1. Hər bir startap bir biznesdir, biznes də gəlir gətirməlidir. Mən bilməzdim ki, bizim banklar yalnız Azərbaycan daxili prosesinq mərkəzi ilə işləyir və xarici ödənişləri yalnız 2 prossesinq mərkəzi qəbul edə bilər. Təsəvvür edin ki, Rusiyada və Ukraynada yayılmış ödəniş sistemlərini bir çoxu hətta Ermənistanda belə işləyir (Gürcüstan öz növbəsində), ancaq bizim banklar qəbul etmir. Lənət sənə kor şeytan deyib bu 2 prossesinq mərkəzinə müraciət etdim.
2. Yaxın qonşu ölkələrdə əgər bank hesabın və Vergi ödəyicisənsə onlayn bir neçə klikə ödəniş sistemini sayta qoşdura bilərsən. Siz təsəvvür edə bilməzsiniz ki, biz də bu proses necə uzun və keşməkeşli yoldur. Qeyd edim ki, onlayn ödəniş sistemi ilə bağlı heç bir prosesinq mərkəzində sizi maraqlandıran suala cavab tapa bilməzsiniz, sizi yönləndirəcəklər ki, gedin bankla danışın. Uzun uzadı araşdırmadan sonra bir bank ayrıca "e-commerce" şöbəsi olduğundan marağı cəlb etdi. Bank müraciəti qəbul etdikdən sonra qeyd etdi ki, Sizin layihəniz – saytınız gərək hazır olsun, əks halda heç müraciətiniz qəbul olunmur. Həmin vaxt saytımın üstündə hələ iş gedirdi. Yenə də "lənət sənə kor şeytan deyib" gözlədim ki, saytımı proqramçılar yığıb qurtarsın ki, mən yenidən müraciət edim. Sayt hazır olduqda bankın hesabım olduğu filialına müraciət etdim. Mən uzun-uzadı məni qəbul edən şöbənin e-commerce sözünün ümumiyyətlə anlayışları olmadığındanyazmayacam. Təsəvvür edin ki, müraciəti verdikdən sonra mənə bildirdilər ki, bankın idarə heyəti araşdırıb qərar verəcək ki, sizin sayta ödəniş sistemini qoşduraq ya yox. Xaricdə bir neçə dəfə klikdən sonra aldığın ödəniş sistemi burada idarə heyətin müzakirəsinə çıxardılır. "Heç mənə bu lazım idi?"
3. 2-3 həftə sonra bildirildi ki, qərar pozitivdir və sizin saytı ödəniş sisteminə qoşdura bilərik. 2 gün sonra zəng vurub deyildi ki, Prossesinq mərkəzi şərtləri dəyişir, ona görə biz hələ özümüz onlarla müqaviləni yeniləyəcəyik. Hələ də bir xəbər yoxdur – 3 həftə keçib. Sizcə mənə bu lazım idi?
4. Digər prosesinq mərkəzi ilə işləyən banka müraciət etdim. Burada düzdü, yaxşı qarşıladılar, ancaq öncədən dedilər ki, qərar çox gec qəbul olunur və haradasa 1-1.5 ay çəkir.
İndi Siz mənə deyin görüm mənə bu lazım idi? Əslində bu məqaləni yazmaqda mənə Azərbaycanda ən qabaqcıl və ən çox onlayn dövriyyəsi olan (tranzaksiya sayına görə) saytların ödəniş sistemləri vadar etdi. Hamımızın yaxşı tanıdığımız daşınmaz əmlak saytların bəziləri, ən məşhur avtomobil saytı, elan saytların bəzilərində işləyən ödəniş sistemləri Rusiya, Ukrayna, Amerika sistemləridir. Bu sistemlər Azərbaycanla işləmir və əgər bu sistemə qoşulmaq istəyirsənsə sən hüquqi şəxs kimi Azərbaycandan kənarda – Rusiyada, Ukraynada, Avropada qeydiyyatdan keçməlisən. Bu da öz növbəsində həmin ölkələrə vergilərin verilməsi deməkdir. Mən dəqiq bilmirəm, ancaq əminəm ki, bu saytların dövriyyəsi çox böyükdür və vergisi də Azərbaycanda fəaliyyət göstərən orta sahibkarların vergisi qədərdir. Təsəvvür edirsiniz əgər Azərbaycanda normal startap mühiti olsa idi bu layihələr öz dövlətlərinə nə qədər vergi ödəyərdilər? Bundan başqa bu prosesdə Azərbaycan banklarının itirdiyi komissiyalar və ölkəmizdən çıxan bu pulların məbləğləri barəsində düşündünüzmü? Yuxarıda qeyd edilən layihələr "heç mənə lazım da deyil" deyərək yeni-yeni uğurlara imza atırlar və düz də edirlər...
Mən də deyəsən belə deyib fəaliyyətimi xarici ölkədə qeydiyyatdan keçirtməli olacam. Ancaq bir sual hələ də məni bu addımdan saxlayır: "Niyə görə mən azərbaycanlı olaraq və planlaşdırdığım gəlirin əsas hissəsi Azərbaycandan ola-ola Ukraynada və ya Gürcüstanda qeydiyyatdan keçib onlara vergi ödəməliyəm?" Mən axı "heç mənə lazım da deyil" demək istəməzdim...