Bu gün Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi (MOK), Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə “Olimpiya Hərəkatı” adlı yeni idman proqramına start verilib. “Olimpiya Hərəkatı” – “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsinin Niderland Olimpiya Komitəsi ilə 2001-ci ildə birgə həyata keçirdiyi beynəlxalq idman proqramıdır.



Konfransı giriş sözü ilə açan MOK-unvitse-prezidenti Çingiz Hüseynzadə qeyd edib: “Sevindirici haldır ki, Beynəlxalq Olimpiya Komitəsi Avropada Niderland və Belçikadan sonra “Olimpiya Hərəkatı” proqramının Azərbaycanda həyata keçirilməsinə təşəbbüs göstərib. Bu proqramın icrasında göstərdiyi maliyyə dəstəyinə görə “Coca-Cola” şirkətinə minnətdarlığımı bildirirəm. “Coca-Cola” şirkəti ilə biz Azərbaycanda sağlam həyat tərzinin təşviqi və idmanın inkişafı sahəsində 1996-cı ildən əməkdaşlıq edirik.4 idman növünü özündə birləşdirən bu proqramın həyata keçirilməsinə görə Gənclər və İdman Nazirliyi,Təhsil Nazirliyi, “Coca-Cola” şirkəti və müvafiq idman federasiyalarına təşəkkür edirəm və proqramın fəaliyyətində uğurlar arzulayıram”.



Tədbirdə çıxış edən Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov təhsilin keyfiyyətinin yüksəldilməsi və bu sahədə uğurlu nəticələrin əldə olunmasında təhsilalanların sağlamlığının mühafizəsinin müstəsna əhəmiyyət kəsb etməsi, bu sahədə nazirliyin son illər həyata keçirdiyi layihələr haqqında danışıb. Nazirin sözlərinə görə, “Olimpiya Hərəkatı”na 330-dan çox ümumtəhsil orta məktəblərindən 50 minə yaxın şagirdin cəlb olunması, təhsilalanların hərəkət bacarıqlarının inkişafını təmin edən əlverişli mühitin yaradılması, təhsil aldıqları müddətdə onların fiziki-psixoloji sağlamlığının qorunması baxımından yuksək göstəricidir. Məktəblilərdən 10 minə yaxını rayon birinciliklərində iştirak edib və 1 mindən artıq şagirdin Bakı finalında iştirakı gözlənilir. Mikayil Cabbarov proqrama cəlb olunmuş uşaq-gənclər idman məktəblərinin sayının 12-yə çatdığını qeyd edib.



Öz növbəsində Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov proqramın sosial inkişaf baxımından əhəmiyyətini vurğulayıb: “Bu proqramın Azərbaycanda həyata keçirilməsi ölkəmizdə Olimpiya Hərəkatının genişlənməsinin göstəricisidir. “Olimpiya Hərəkatı” həm də ölkəmizdə idmana və sağlam həyat tərzinə əhali arasında marağın artmasına səbəb olacaq yaxşı stimuldur. İlk Bakı birinciliyinə 50 minə yaxın şagirdin qoşulması sevindirici haldır. “Olimpiya Hərəkatı” proqramı əhali, o cümlədən gənclərimizin sağlam və aktiv həyat tərzinə olan marağını təmin etmək üçün gözəl imkan yaradır. Azərbaycanda idman və aktiv həyat tərzinə daha çox insanların cəlb olunacağına inanıram və bu vacib proqrama dəstəyinə görə tərəfdaşlara təşəkkürümü bildirirəm”.



“Azərbaycan Coca-Cola Bottlers” şirkətinin baş meneceri Cem Becel tədbirdə çıxış edərək sağlam həyat tərzinin cəmiyyətin inkişafı üçün önəmini vurğulayıb: “Müntəzəm idman, fəal həyat tərzi insanların sağlamlığını artırır, onların xoşbəxtlik hissini gücləndirir. Sağlam və aktiv həyat tərzi cəmiyyətin inkişafının bir hissəsidir. Məhz bu səbəbdən “Coca-Cola” 1928-ci ildən bu günədək Olimpiya Oyunlarının tərəfdaşıdır və işlədiyimiz bütün ölkələrdə əhalinin sağlamlığı, onların idmana cəlb olunması üçün müxtəlif miqyaslı layihələrə dəstək olur. “Bakı 2015” Avropa Oyunları sosial idman irsi çərçivəsində geniş sayda əhalinin sağlam və aktiv həyat tərzinə cəlb olunması üçün Milli Olimpiya Komitəsi və Azərbaycan hökuməti ilə əməkdaşlığımızı davam etdirməyə çox məmnunuq.”



Konfransda proqram haqqında video-çarx nümayiş olunduqdan sonra son 2 ay ərzində proqram çərçivəsindəhəyata keçirilmiş tədbirlər haqqında ətraflı məlumat verilib. Rəsmi çıxışlardan sonra proqramın “Facebook” səhifəsi və yeni seçilmiş idmançı və ulduz elçiləri Amil Həmzəyev (basketbol üzrə Azərbaycanın milli yığma komandasının üzvü), Nazim Babayev (“Bakı 2015” Avropa Oyunlarının yüngül atletika üzrə qalibi) tədbir iştirakçılarına təqdim edildi. Eyni zamanda, Milli Olimpiya səfirləri Fərid Mansurov (“Afina 2004”) və əməkdar artist Tünzalə Ağayeva Olimpiya Hərəkatının təşviqində göstərdikləri fəaliyyətlərinə görə mükafatlandırılıb.



“Olimpiya Hərəkatı” prqramında440-a yaxın Bakı şəhər orta ümumtəhsil məktəblərində təhsil alan 50 min şagird atletika, badminton, basketbol (3x3) və velosiped idmanı növləri üzrə cəlb olunacaq. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edir və növbəti ilin əvvəlində “Bakı 2015” Avropa Oyunlarının yarış obyektlərin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.



Olimpiya Hərəkatı proqramının icrasina dair bütün yenilikləri proqramın sosial media səhifələrindən izləyə bilərsiniz:



“Facebook”: www.facebook.com/OlympicMovesAZE


“Instagram”: www.instagram.com/OlympicMovesAZE


“Twitter”: www.twitter.com/OlympicMovesAZE