Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Azərbaycan Respublikası Prezidentinin İqtisadi İslahatlar üzrə köməkçisi Natiq Əmirovun iştirakı ilə Azərbaycanda həyata keçirilən iqtisadi islahatlara həsr olunmuş işgüzar görüş təşkil edib.
“AmCham”ın prezidenti İlqar Vəliyev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb. Azərbaycan Prezidenti İlham Əliyevin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov isə öz növbəsində qeyd edib ki, son 12 ildə aparılan iqtisadi siyasət nəticəsində qazanılmış uğurlar daha da möhkəmləndirilib: “Bu dövrdə makroiqtisadi sabitlik qorunub saxlanılıb, regionların inkişafı sürətlənib. Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üçün 2004-2013-cü illər ərzində iki 5 illik dövlət proqramı həyata keçirilib. Proqramların həyata keçirildiyi 10 il ərzində ÜDM 3,2 dəfə, o cümlədən qeyri-neft sektoru 2,6 dəfə, sənaye 2,7 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, investisiyalar 6,5 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə artıb. Həyata keçirilmiş tədbirlər nəticəsində ölkədə 900 min daimi olmaqla 1,2 milyondan çox yeni iş yeri yaradılıb, 55,6 min yeni müəssisə yaradılıb, işsizlik 5%-ə, yoxsulluq 5,3%-ə qədər azalıb”.
N. Əmirov hökumətlə özəl sektor arasında dialoqların əhəmiyyətinə diqqət çəkərək onu da əlavə edib ki, iqtisadi islahatlar çərçivəsində yeni qəbul ediləcək qanunvericilik aktlarının layihələri “AmCham”ın üzvləri ilə əvvəllər olduğu kimi gələcək görüşlərdə də müzakirə ediləcək və bu barədə biznes subyektlərinin rəy və təklifləri nəzərə alınacaq.
İşgüzar görüş çərçivəsində keçirilən müzakirələrdə “AmCham”ın üzvləri tərəfindən bank və maliyyə, əmək və miqrasiya, vergilər və gömrük, turizm, məhkəmə sistemi və şəffaflıq, informasiya texnologiyaları mövzularında iqtisadi islahatlarla bağlı fikir və təklifləri səsləndirilib.
İşgüzar görüşün sual-cavab hissəsində N. Əmirov “AmCham” üzvləri, biznes və hökumət nümayəndələri, beynəlxalq maliyyə qurumları və səfirlik nümayəndələrinin mümkün islahatlarla bağlı suallarını cavablandırıb və iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən biznes nümayəndələrini bu mövzuda sıx birləşməyə çağırıb.
“AmCham” haqqında:
“AmCham” Azərbaycan – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.