Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) Azərbaycan Dövlət Gömrük Komitəsi (DGK) ilə birgə “Gömrük sistemində inkişaf və perspektivlər” mövzusunda konfrans keçirib. Tədbirdə DGK-nın sədri, general-leytenant Aydın Əliyev, “AmCham”ın prezidenti İlqar Vəliyev və Palatanın üzv şirkətlərinin nümayəndələri iştirak edib.



Konfransın açılışında çıxış edən İlqar Vəliyev müzakirə olunan mövzunun və görülən işin əhəmiyyətini və analoji görüşlərin faydasını qeyd edib və bildirib ki, “AmCham”ın fəaliyyəti ölkənin gömrük sistemi və özəl sektor arasında dialoqun möhkəmlənməsində böyük əhəmiyyət kəsb edir. O, əminliklə qeyd edib ki, konfrans gömrük sahəsindəyeni inkişaf yolları üçüntöhfə vermiş olacaq.



Öz növbəsində Aydın Əliyev konfrans iştirakçılarına gömrük sahəsinin yeniliklərindən danışıb, həmçinin milli iqtisadiyyat, iqtisadi təhlükəsizlik, beynəlxalq ticarət prosedurlarının sadələşdirilməsi və sürətlənməsində sözügedən sahənin əhəmiyyətini vurğulayıb. Bundan başqa, DGK-ninsədri maliyyə böhranı və onun dünya iqtisadiyyatına təsiri problemlərinə də toxunub.



“AmCham”ın üzv şirkətlərinin nümayəndələri “İxracın stimullaşdırılmasında gömrük orqanlarının rolu və bu sahədə dünya praktikası”, “İdxal prosesində gömrük orqanlarının rolu və gömrük sahəsində perspektivlər”, “Yeni tranzit dəhlizlərinin aktuallığı. Mövcud tranzit dəhlizlərinin səmərəli istifadəsi” mövzularında məruzələrlə çıxış edib.



Öz növbəsində DGK-nin ekspertləri “Qanunvericilik və proseduralar”, “Gömrük tarifləri və maliyyə məsələlərinin tənzimlənməsi”, “Gömrük rəsmiləşdirilməsi prosedurlarında informasiya texnologiyalarının roluvə innovativ yanaşmalar” kimi mövzularda təqdimatlarla çıxış edib.



Konfransın sonunda isə iştirakçıları maraqlandıran suallar ətraflı cavablandırılıb.



“AmCham” haqqında:



“AmCham” Azərbaycan – Azərbaycanın biznes maraqlarını dəstəkləyən və təşviq edən aparıcı biznes assosiasiyadır. Ölkənin ən geniş və nüfuzlu təşkilatlarından biri olaraq, “AmCham” öz üzvlərinə ən geniş işgüzar danışıqlar imkanı yaradır. 1996-cı ildə yaradılmış “AmCham” 280-dən çox üzvdən və Azərbaycan iqtisadiyyatının hər bir sektorunda fəal olan tərəfdaşlardan ibarətdir. “AmCham” Azərbaycanda xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir. Təşkilatın sahə komitələrinin vasitəsilə “AmCham”ın üzvləri qarşılıqlı məlumat mübadiləsi aparır, ümumi maraq doğuran məsələləri qaldırır və mümkün həllər təklif edir. "AmCham" üzvü olaraq, şirkətlər və təşkilatlar hökumətlə geniş əlaqə imkanları əldə edir.