Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının Ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi (MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyi“Olimpiya Hərəkatı” adlı məktəblilərin idman proqramı çərçivəsində ölkədə kütləvi idman növünün inkişafını davam etdirir. Azərbaycanda idman sahəsində həyata keçirilən uğurlu siyasət, həmçinin ölkədə bir çox idman növünün inkişafı üçün yaradılmış əlverişli şərait gənc nəsli fəal həyat tərzinə və müxtəlif idman növləri ilə məşğul olmağa cəlb edib.



Belə idman növlərindən biri də uzaq 1891-ci ildə ABŞ-da yaradılan basketboldur. Azərbaycanda basketbolun yaranma və inkişaf tarixi ötən əsrin 20-30-cu illərinə təsadüf edir ki, həmin dövrdə təkcə Bakıda 300-ə yaxın basketbol komandası fəaliyyət göstərib. Tədricən sözügedən idman növü bütün ölkə ərazisini əhatə edib və Azərbaycanın digər regionlarında da inkişaf etdirilib. Belə ki, 1934-cü ildə ilk dəfə keçirilmiş ölkə çempionatı və Azərbaycanın müxtəlif şəhər və rayonlarından bu yarışda iştirak edən komandalar buna sübutdur. Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra 1992-ci ildə ölkədə Basketbol Federasiyası təsis edilir və artıq 1994-cü ildə sözügedən qurum Beynəlxalq Basketbol Federasiyasının tamhüquqlu üzvü olur, bu da Azərbaycan klublarına və milli yığma komandaya müxtəlif beynəlxalq yarışlarda iştirak etməyə imkan yaradır.



Bu gün sözügedən idman növünün Azərbaycanda inkişafı fəal şəkildə davam etdirilir: yeni seksiyalar açılır, beynəlxalq standartlara cavab verən infrastruktur yaradılır, həmçinin uşaq və gəncləri basketbol ilə məşğul olmasına yönəlmiş müxtəlif layihə və proqramlar icra olunur. Bu cür təşəbbüslərdən biri də “Olympic Moves” adlanan məktəblilərin idman proqramıdır ki, sözügedən proqram Azərbaycanla yanaşı Niderland, Belçika, Koreya və Yaponiyada da həyata keçirilir. Proqramın əsas məqsədi “Bakı 2015” Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etmək, həmçinin Olimpiya dəyərlərini təşviq etməkdən ibarətdir.



Sözügedən proqrama 440-a yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, 3x3 basketbol və velosiped idmanı üzrə yarışlara cəlb olunub. 4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və bu ilin aprel ayında “Bakı 2015” Avropa Oyunlarının yarış obyektlərinin birində təşkil olunacaq final və idman festivalı ilə başa çatacaq.



“Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. Biz əminik ki, “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edəcək və Azərbaycanda basketbolun inkişafına öz töhfəsini verəcək”, - deyə “Coca-Cola” şirkətinin Qafqaz və Mərkəzi Asiya üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib.



“Olympic Moves” proqramı çərçivəsində təkcə Bakı şəhərində məktəb komandaları arasında basketbol üzrə keçirilmiş rayon birincilikləri 300-dən çox məktəbi və 2 500-ə yaxın məktəblini cəlb edib. Sözügedən yarışlarda Bakının hər bir rayonunda qalib gəlmiş komandalar üçün təlim məşqi keçirilib. Kütləvi idman tədbirinin əsas məqsədi basketbol 3x3 idman növü üzrə Bakı şəhər birinciliyinin final mərhələsinə vəsiqə qazanmış 12 rayon komandasının yarışa hazırlığına dəstək olmaqdır. Gənc basketbolçulara köməklik məqsədilə onlara bu idman növünün sirlərini daha dərindən öyrətmək üçün “Azerbaijan Coca-Cola Bottlers” şirkəti və Azərbaycan Basketbol Federasiyasının nümayəndələri, həmçinin milli yığma komandanın üzvləri bir araya gəlib.



“Azərbaycanın “Olympic Moves” proqramının icrasına başlayan ölkələr beşliyinə daxil olması sevindirici haldır. “Bakı 2015” Avropa Oyunlarına daxil edilmiş 3x3 basketbol idman növünün “Olympic Moves” proqramında davam etdirilməsi gələcəkdə məktəblilərin bu idman növü ilə peşəkar səviyyədə məşğul olmasına gətirib çıxaracaq”, - deyə Azərbaycan Basketbol Federasiyasının icraçı direktoru Rüstəm Rüstəmov qeyd edib.



Basketbolun 3x3 növünün Azərbaycanda geniş yayılması, o cümlədən “Olympic Moves” proqramı sözügedən idman növünə məktəblilərin kütləvi axınını və ümumiyyətlə ölkədə basketbolun inkişafını təmin edəcək.



“Qeyd etmək istərdim ki, “Olympic Moves” proqramı çərçivəsində basketbol idman növü üzrə keçirilən yarışlarda məktəblilər fəal iştirak edirlər. “Bakı 2015” Avropa Oyunlarından sonra “Olympic Moves” proqramı sayəsində hazırda bu idman növü məktəblilər arasında geniş populyarlıq qazanıb. Bu isə gələcəkdə onlara peşəkar səviyyəyə çıxmağa yardım edəcək. Mən məktəblilərin bu təşəbbüsünü dəstəkləyirəm və digər yeniyetmələri də “Olympic Moves” proqramına qoşulmağa çağırıram”, - deyə basketbol üzrə Azərbaycan milli yığma komandasının üzvü Amil Həmzəyev söyləyib.



Qeyd edək ki, “Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb. Sözügedən proqram basketbol 3x3, velosiped idmanı, yüngül atletika və badminton kimi idman növlərinə məktəblilərin cəlb olunmasında əhəmiyyətli rol oynayıb.