Aprelin 25-28-də Bakı İdman Sarayında Beynəlxalq Olimpiya Komitəsinin ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkəti, Azərbaycan Milli Olimpiya Komitəsi(MOK), Gənclər və İdman Nazirliyi, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “Olympic Moves” məktəblilərin kütləvi idman proqramının final mərhələsi keçiriləcək. Sözügedən proqrama 400-ə yaxın Bakı şəhər orta ümumtəhsil məktəbində təhsil alan 50 mindən çox şagird atletika, badminton, basketbol 3x3 və velosiped idmanı üzrə yarışlara cəlb olunub ki, nəticədə 600-ə yaxın məktəbli final mərhələsinə vəsiqə qazanıb. Yarışları 1500-dək tamaşaçının canlı izləyəcəyi gözlənilir. Açılış mərasimi ilə başlayacaq final mərhələsi yüngül atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə yarışlarla davam edəcək. Bağlanış mərasimi ilə yekunlaşacaq tədbir əyləncəli şou proqramla başa çatacaq. Final yarışlarının rəsmi açılış və bağlanış mərasimlərində MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov,təhsil naziri Mikayıl Cabbarov, “Azerbaijan Coca-Cola Bottlers”in baş direktoru Erdinç Gözəl, nazir müavinləri və müvafiq idman federasiyalarının səlahiyyətli şəxsləri ilə birgə “Olympic Moves” beynəlxalq idman proqramının ulduz idmançıları – atlet Nazim Babayev, basketbolçu Amil Həmzəyev, badmintonçu Orxan Qələndərov və velosipedçi Aqşin İsmayilov iştirak edəcəklər. “Olympic Moves” proqramının əsas məqsədi “Bakı 2015” Avropa Oyunlarının sosial və idman irsini davam etdirərək məktəblilər arasında yüngül atletika, velosiped idmanı, basketbol 3x3 və badminton idman növləri üzrə məktəb və şəhər yarışları keçirməklə şagirdləri sağlam və aktiv həyat tərzinə cəlb etməkdən ibarətdir. Bu isə öz növbəsində cəmiyyətin rifahının və dayanıqlı inkişafının təmin edilməsinin başlıca prioritetlərindən biridir.
“Olympic Moves” proqramının Azərbaycanda icrasına 2015-ci ildə başlanılıb və bu proqram məktəblilərin idmana cəlb olunmasında əhəmiyyətli rol oynayıb.4 idman növü üzrə məktəbdaxili yarışlar ilə başlayan proqram Bakı rayon yarışları ilə davam edib və artıq final mərhələsi ilə yekunlaşmaq üzrədir. Qeyd edək ki, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi və “Coca-Cola”nın artıq uzun illərdir ki, davam edən əməkdaşlığı çərçivəsində əhalinin fəal və sağlam həyat tərzinə cəlb olunması ilə cəmiyyətin inkişafının təmin edilməsi prinsipini özündə təcəssüm etdirən "Fəal Ailəm, Sağlam Aləm" proqramı, həmçinin bu proqramın tərkib hissəsi olaraq Beynəlxalq Olimpiya Qaçış Günü kimi genişmiqyaslı layihələr həyata keçirilib. Təqdirəlayiqdir ki, “Olympic Moves” ötən il “Bakı 2015” Avropa Oyunlarının sosial idman irsi elan edilmiş "Fəal Ailəm, Sağlam Aləm" proqramının davamı olaraq Olimpiya dəyərlərinin təşviqinə öz töhfəsini verməkdədir. Məktəblilərin “Olympic Moves” idman proqramının əsası 2003-cü ildə “Coca-Cola” və Beynəlxalq Olimpiya Komitəsi tərəfindən qoyulub. Proqram uşaqların daim hərəkətli olmasını təbliğ edir ki, bu da “Coca-Cola”nın daha sağlam, xoşbəxt və fəal cəmiyyət prinsipini özündə təcəssüm etdirir. “Olympic Moves” proqramı məktəblilərin daha fəal və sağlam həyat tərzinə cəlb olunmasına yardım edəcək və Azərbaycanda idmanın inkişafına öz töhfəsini verəcək.
“Coca-Cola” şirkəti haqqında:
“Coca-Cola” şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. “Coca-Cola” şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan “Coca-Cola” ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına “Diet Coke”, “Fanta”, “Sprite”, “Coca-Cola Zero”, “vitaminwater”, “POWERADE”, “Minute Maid”, “Simply”, “Georgia”, “Dasani”, “FUZE TEA” və “Del Valle” kimi brendlər aiddir. Qlobal miqyasda “Coca-Cola” şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. “Coca-Cola” şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə “Coca-Cola” şirkəti dünyada TOP-onluğa daxildir. “Coca-Cola” şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.


