Yazımı mərhum jurnalist Rafiq Tağının sözləri ilə başlayıram. “Mən Allaha bütün ayətullahlardan daha yaxınam”. Elə mən də!! Sitat gətirməyimin səbəbi dinimizdə mərc oyunlarına qarşı həmişə münasibət kəskin olmasıdır. Dinin bəzi bu tipli yasaqlarına qarşı çıxsam da ümumilikdə özümü “kafir” saymıram .



İnsanların daha tez pul qazanmaq istəyindən bu cür mərc oyunlarının kökləri keçmişə dayanır. Hazırda isə Azərbaycanda Azerlotoreya və Topaz bu yolu davam etdirirlər. Bir az, mərc oyunları haqqında fikirlərimi sizinlə bölüşmək istəyirəm. Deyim ki, mərc oyunlarının həm tərəfdarı həm də tənqidçisiyəm. Ona görə tənqidçisiyəm ki, mərc oyunları (bundan sonra qumar) iqtisadiyyat üçün heç bir məhsul istehsalı yaratmır. Yalnız pul əl dəyişdirir. İnsanlarda aludəçilik yaratması, var-yoxdan çıxartması kimi problemlər haqqında isə hamımız məlumatlıyıq. Bunlarla bərabər, müsbət tərəflərini yazmasaq haqsızlıq olar. İnsanlar pulunu banka yatırıb 12 % gəlir gözləməkdənsə, bu pulu 1 gecəyə Topazdan qazana bilərlər. Əgər analiz qabiliyyətiniz və tamahınız buna imkan verirsə, bunu etmək çox sadədir. Qumardan qazanılan pulların üzərinə yüksək vergilər qoyulması və büdcənin gəlirlərinin artması da insanların rifahına xidmət edə bilər. Və Bakı bu sahədə Las Vegas kimi məşhurlaşsa, xaricdən turistlərin Azərbaycana axını qaçılmaz olacaq. Kazinoların sayının artması, turistlərin Bakıya gəlməsi isə həm işsizliyi azaldacaq həm də başımıza bəla olan devalvasiyaya ehtiyac qalmayacaq. Belə çıxdı ki, mən qumarın tərəfdarıyam.



Keçək işin marketinq tərəfinə. Topaz və Azərlotoreyanın reklamlarını yəqin ki izləmisiniz. Sadəcə cansıxıcıdır. Biri çıxıb deyir ki, mən filan qədər pul uddum, bəs siz də oynayıb qazanın. Adama baxırsan, kostyumda zadda, bəlkə heç vaxt Topaza girib çıxmayıb. Reklamda qoca ya da avara bir gədə olmalıdır ki, heç olmasa inandırıcı olsun. Biləsən ki, bu adam bütün gününü topazda keçirir, sonra da qazanmayan kuponlarını yeyib gedir ev-eşiyinə. Ümumiyyətlə bu elə işdir ki, kiminsə nə vaxtsa nəsə qazanması sizə heç nə ilə kömək etmir. Azərlotoreyada isə vəziyyət lap dəhşətdir. Reklamlarını ancaq dövlət televiziyasından izləyə bilərsiniz. Həmin qadın həm reklamda danışır, həm verilişi aparır, bildiyiniz hər şeyi bu qadın eləyir. Uşaqlıqdan onun səsini eşidirəm. Mənim səsim bir az erkəkləsə də onun səsi hələ də dəyişilməyib. Danışığında isə reklamdan əsər-əlamət yoxdur. Elə zənn edirsən ki, deyir ki, istəyirsən al, istəmirsən oynama. Onsuzda mən istədiyim qədər satıram. Belə də olmaz axı!



Digər bir məsələ isə heç bir kompaniyanın tətbiq olunmaması ilə bağlıdır. Topaz bu baxımdan Azərlotoreyadan öndədir. Topaz arada bir görürsən uduzduğun pulun bir hissəsini qaytarır ki, sən yenə ora qayıdasan. Azərlotoreya isə heç bunu da eləmir. Yəqin ki, onların buna ehtiyacı yoxdur. Bu məsələ isə daha maraqlıdır. Müştəriyə qazanmaq şansının neçə faiz olduğu barədə mütləq məlumat verilməlidir. Məsələn deyilməlidir ki,“Ay Əflatun sənin Cek Potu qazanmaq şansın 0.003 faizdir”. Yəni dünya praktikasında bu belədir. Ümumiyyətlə bəzi statistik proqnozlar müştəridən gizlədilməməlidir.



Sonda demək istəyirəm ki, qumardan uduzduğunuz qədər uzaq durmaq lazımdır. Gördünüz ki, bu sizdə alınmır, əl çəkin bu işdən. Paradokslara, şansa, və Allahın bu “haram” işdə yardımçınız olacağına inanmayın. Ən dahi qumarbazlar kimi edin, qumarı buraxın. Mütləq bir gün vaxtınızın və pulunuzun boş yerə xərcləndiyinin peşmançılığını çəkə bilərsiniz. Mənim xalqımın ikinci dəfə səhv etməməsi arzusuyla...