Azərbaycanda Amerika Ticarət Palatası (“AmCham”) “Azərbaycanın biznes mühitinin təkmilləşdirilməsi üzrə müşahidə və tövsiyələr” adlı sənədin (“Ağ sənəd”) altıncı nəşrini hazırlayıb. Sözügedən sənəd Azərbaycan iqtisadiyyatının inkişafı üçün müxtəlif sahələrə dəstək məqsədilə “AmCham” tərəfindən iki ildən bir tərtib edilərək ölkə rəhbərliyinə təqdim edilir.



Məlum olduğu kimi, aprelin 12-də“AmCham”ın üzvləri Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə iştirak ediblər. Məhz sözügedən görüş zamanı “Ağ sənəd”in hazırlanması məsələsi vurğulanmışdır və sənəd artıq “AmCham” tərəfindən ölkə rəhbərliyinə təqdim edilib.



“Ağ sənəd” Azərbaycanın işgüzar mühitinin, geniş mənada isə bütövlükdə ölkənin daha da gücləndirilməsini təmin edəcək dəyişikliklər haqqında “AmCham”ınüzv heyətinin kollektiv düşüncəsini əks etdirir. “Ağ sənəd” iki bölmədən ibarətdir – ciddi əhəmiyyət kəsb etdiyinə və Azərbaycana ən böyük təsir göstərəcək məsələləri əhatə edən “Xülasə” hissəsi və müəyyən spesifik məsələlər haqqında əlavə tövsiyə və daha ətraflı təkliflərin qeyd olunduğu “İkinci” hissə. Əvvəlki illərdə də “AmCham”ın Azərbaycan hökumətinə təqdim etdiyi eyni adlı sənədlərdə əksini tapmış təkliflər dövlətin siyasi proqramlarına daxil edilib, bəzi təkliflər isə müvafiq qanun dəyişiklikləri ilə nəticələnib ki, bu da Azərbaycanın bütöv biznes icmasını hədsiz fərəhləndirib.



“Hökuməti özəl sektorun baxışları və biznes mühitində baş vermiş dəyişikliklər barədə məlumatlandırmaq vacibdir. Bu baxımdan “Ağ sənəd”inbuilkisayı hökumətin iqtisadiyyatın müxtəlif sektorlarını inkişaf etdirmək üçün atdığı müsbət addımları, həmçinin Azərbaycanın biznes mühitinin inkişafı üçün vergi, gömrük, bank, maliyyə və sığorta, informasiya texnologiyaları, əmək, miqrasiya məsələləri, turizm, məhkəmə və digər sahələrdə görüləcək işləri əhatə edir.Eyni zamanda, biz biznes ictimaiyyətinin də uğurlu iqtisadi islahatların həyata keçirilməsi və sağlam biznes mühitinin yaradılmasında mühüm rol oynadığını düşünürük və bunu nəzərə alaraq “Ağ sənəd”ə ilk dəfə olaraq Azərbaycanın biznes icmasına da ünvanlanmış bir sıra tövsiyələr daxil etmişik”, - deyə Azərbaycanda “AmCham”ın icraçı direktoru Natəvan Məmmədova bildirib.



“AmCham” verdiyi təkliflərlə vaxtaşırı müxtəlif qurumların fəaliyyətini şəffaflaşdırmağa, əhaliyə göstərilən xidmətlərin səviyyəsini artırmağa, ümumilikdə Azərbaycanın gələcəkdə regionda daha güclü bir dövlət kimi təşəkkül tapmasına yardım göstərməyə səy göstərib. Palata bundan sonra da Azərbaycanda işini qeyd olunmuş istiqamətlərdə qurmaq, vacib problemlərin həlli istiqamətində Azərbaycan hökumətinə yardım göstərmək niyyətindədir.



“Ağ sənəd”in elektron versiyasını təqdim olunmuş linkdən əldə edə bilərsiniz:


http://amchamaz.org/wp-content/uploads/2015/12/White-Paper-2016.pdf



“AmCham” haqqında:


1996-cı ildən Azərbaycanda fəaliyyət göstərən "AmCham" 270-dən çox üzvdən ibarətdir və ölkədə xarici investisiyaların 80%-ni, eləcə də yerli investisiyalarının əhəmiyyətli hissəsini təmsil edir və hazırda dövlət və özəl sektor arasında körpü rolunu oynayaraq aidiyyatı dövlət qurumları ilə davamlı konstruktiv və nəticə-əsaslı dialoqlar aparır. Palata üzv şirkətlərin biznes maraqlarını təşviq edir və Azərbaycanın biznes iqliminin inkişafında xüsusi rol oynayır. 12 aprel 2016-cı il tarixində “AmCham”ın nümayəndə heyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşmüş və ölkədə biznes təcrübələrinin inkişafına dair növbəti addımları müzakirə etmək şansı əldə etmişdir. “Amcham” Azərbaycan hökuməti ilə işləməyə davam edərək bu təşəbbüsü sahib olduğu bütün bilik və təcrübə ilə dəstəkləməyə hazırdır.