Avropa Rabitə Operatorları Assosiasiyası (ETNO) beynəlxalq telekommunikasiya normalarına yenidən baxmağı və trafiki provayderlərin şəbəkəsində artıq yükləmə yaradan iri internet-şirkətlərindən, məsələn, “Google” və ya “Facebook” kimi sosial şəbəkələrdən ödəniş almağı təklif edib. Lent.az-ın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, ETNO təklifini Beynəlxalq Telekommunikasiya İttifaqına (BTİ) göndərib və layihə 2012-ci ilin dekabrına təyin edilən iclasda müzakirə ediləcək.
Assosiasiya telekommunikasiya sahəsinin beynəlxalq telekommunikasiya reqlamenti tərəfindən tənzimləndiyini, ona son dəyişikliklərin 1988-ci ildə edildiyini, sənədin isə zamanın tələblərinə cavab vermədiyini bildirir. ETNO üzvəri qeyd edirlər ki, müasir şəbəkələr vasitəsilə böyük həcmli trafik ötürülür. Ötürməni təmin etmək üçün provayder keyfiyyətli infrastruktur yaratmalıdır. İnfrastrukturun tikilməsi və inkişafı isə öz növbəsində böyük vəsait tələb edir. Assosiasiya nümayəndələrinin fikrincə, trafiki təmin edən internet-şirkətlər infrastruktur xərclərini provayderlər arasında bölüşdürməlidir və xərclərin bölüşdürülməsi ilə bağlı müddəa beynəlxalq telekommunikasiya reqlamentinə daxil edilməlidir.
Qeyd edək ki, ETNO-ya Avropanın 38 telekommunikasiya şirkəti daxildir.