Bir dəfə İstanbulda olarkən, dəyəri 10 manat olan bir kitabı alacaqdım. Satıcı kitabı kassaya təqdim edərkən neçə taksit olacağını dedi və mən o an fikrə getdim. 10 manatı da bir neçə hissəyə bölməkmi olar?! Demək ki, olarmış. Gələndən sonra da bir xeyli bu məsələ üzərində düşündüm. Təbii ki, ilk ağlıma gələn parfumeriya və kosmetika sektorunda bu işi görmək idi, amma problem onda idi ki, Azərbaycanda ümumiyyətlə taksit sistemi yox idi, ən yaxşı halda insanların beynində Baku Electronics-in sərfəli kredit şərtləri vardı ki, bu da taksit deyildi, təbii ki. Müdirlə də uzun-uzun bu məsələni müzakirə etdikdən sonra qəti qərara gəldik ki, bu sistemi Bakıda mütləq buraxmalıyıq. O zamanlar ilkin müzakirələrdə yaxın dostum Həsənlə də tez-tez müzakirə edirdik. Həqiqətən müştərinin təsəvvürü olmayan bir iqtisadi anlayışı bir şirkət olaraq üzərinə götürmək və onu beyinlərə yeritmək cəsarətli olduğu qədər də, riskli addım idi. Çünki bu iş yatırım tələb edirdi. Nəysə ki, sonunda qərar verdik ki, risk etməyə dəyər, əgər dünya bu sistemi qəbul edib və satışların əhəmiyyətli hissəsini bununla edirsə, bizdə də niyə olmasın.
Artıq reklam boyu müraciət edənlər çoxalmağa başlayırdı. Eyni zamanda lağa qoyub gülənlər də az deyildi ki, bəs "parfum də kreditə olar, bu aksiya ilə imicə möhkəm zərbə vurdunuz falan". Ancaq zaman keçdikcə, gördük ki, yuxarıda da dediyim kimi müştərilərin elə ürəyindən imiş. Burada İdealın əsl müştəri məmnuniyyəti sərgiləyərək bütün faizləri üzərinə götürərək bəlli qazancdan imtina etməsi də alqışalayiqdir. Ümumiyyətlə hər işdə istənilən ideyaya rəhbərliyin düzgün baxışı onu düşünənə də, icra edənə də çox böyük stimul verir. Bu sarıdan bəxtimiz gətirib demək olar, hətta.
Artıq bu proyektdən 15 aydan çox zaman keçib. İdeal kredit kart sahibləri isə 20 mini ötüb. İndi elə bankar var ki, onların ümumi plastik kartlarının sayı 20 min deyil, amma bizdə kredit kartları artıq 20 mindən çoxdur. Real nəticələr bir çox digər banklara da stimul verdi ki, onun da nəticəsində bu gün BOB-la yanaşı AGB, DəmirBank, UniBank, YapıKrediBank, Bank of Azerbaijan da bu tip taksit layihələrinə tezliklə start verməyi planlaşdırır. BOB üçün isə İdeal Kredit layihəsi özünün digər proyekti üçün yaxşı təcrübə oldu. Rahatlıqla deyə bilərik ki, İdeal Kredit proyektinin təməlləri əsasında BOLKART istifadəyə verildi. Və İdeal da hər zaman yeniliyə açıq bir şirkət kimi bu proyektdə ilk yer alanlardan oldu, təbii ki. Artıq əminliklə deyə bilərik ki, hansısa şirkət bu tip proyektə başlamağı qarşısına məqsəd qoyubsa, mütləq şəkildə İdeal Kredit və Bolkart sistemini dərindən incələməlidir. Çünki keçən bu zaman ərzində hər iki proyekt bir çox yeniliklər etdi, lakin səhvlər də oldu ki, bunlar da havayı deyil, bəlli bir büdcə itkisi sayıla bilər. Ona görə də sistemi dərindən incələyən hər bir şirkət ən azı əvvəllər edilən səhvləri etməmək üçün geniş təhlil etməlidir.
Zaman keçdikcə, İdeal Kredit proyekti o qədər böyüdü ki, buraya ayrıca şöbə statusu verildi və istiqamətlərimiz də çoxaldı. Artıq şirkətlərə korporativ kreditlər təklifi sistemi yarandı ki, bu işi bu gün həmkarımız Emil çox uğurla aparmaqdadır. Böyük ticarət obyektləri, universitetlər, tibbi müəssisələr və s. yerlərdə bu gün işçilərə korporativ şəkildə taksitlə alış-veriş imkanı verən İdeal Kredit kartları təklif olunur.
Bir işi edərkən onu ilk etməkdən daha çox, ən yaxşı şəkildə davam etdirə bilmək önəmlidir ki, bu sahədə də hələ ki, uğurla davam etdiyimiz qənaətindəyəm. Sonda Azərbaycanın ilk taksit proyektində əməyi keçən hər kəsə özəl olaraq təşəkkür etmək istəyirəm. Çünki onlar olmasaydı, bu sadəcə hər gün dəftərimə yazdığım onlarla ideyadan biri olaraq qalacaqdı.
İdeal şirkətinin rəhbəri İlqar İsmayılov, Bank of Bakunun idarə heyətinin sədr müavini Abbas İbrahimov, proyektin bizim tərəfdən ilk meneceri Elnarə Novruzova, BOB-dan Fərid bəy, proyektin hazırkı rəhbəri Emilə dərindən təşəkkürlər. Uğurun yanında olmaq çox xoşdur.