Sual fəlsəfələrinin, missiya və vizyonlarının yazılışı gözəl və bənzərsiz cümlələrdən ibarət olduğu şirkətlərə ünvanlanmaqdadır...

İstehlakçılarınızı, müştərilərinizi, yəni sizin yeganə var olma səbəbiniz olan bizləri nə qədər tanıyırsınız və bunun müqabilində nə qədər dəyər sahibiyik real dünyalarınızda?

Şəxsi və uzun müddətli təcrübələrinizə həkk olunmuşuq biz... və sizin fikriniz vacibdir... və siz bizi daha yaxşı bilirsinizsə, halbuki nə üz-üzə gəlmişik, nə də “dərd-sərimizə” şahid olmusunuz... Yarım yamalaq fikirlərinizlə bazarımıza təklif etdiyiniz gülünc aksiya və kampaniyalarınızın, keyfiyyətsiz məhsul və xidmətlərinizin dəyəri nə qədərdirsə, bizdə o qədər “dəyər” sahibiyik şirkətlərinizin nəzərlərində...

3 milyonluq Bakı əhalisinin fikrini “3 nəfərlik” fokus qrupları ilə müəyyən etmək və bu “şən” yığıncaqların fonunda qərar vermək... Biz nə istəyirik, necə istəyirik və nə üçün istəyirik...

Bizi nə qədər tanıyırsınız və ya ümumiyyətlə bizi tanıyırsınızmı?

Bizlər aldığımız məhsulun keyfiyyətli olmasına çox həssasıq.
Bizlər aldığımız məhsulu bizə təqdim edənlərə, onların davranış və yanaşmalarına çox həssasıq.
Bizlər satış sonrası münasibətlərə, yarana biləcək istənilən problem zamanı sizə olan müraciətlərimizdə sizin bizi empatiya dolu qarşılamalarınıza çox həssasıq.
Bizlər müştəri tələbərinə çox həssasıq.
Bizlər gözlədilməyə, “yalan qoxulu” vədlərə və başdan sovma yanaşmalara biganə qalmırıq. Çətin olsa da bu gün, amma rəqabətin bəxş etdiyi imkanlarla sizlərə yox demək üçün uzun uzadı düşünmürük.
Sizlərin “yerli mal” devizi ilə bar-bar bağırmalarınıza bizlər əcnəbi brendlərin əhatələrində eşitməməzlikdən gələrək cavab veririk.

Bizlər gözləyirik səbrsizliklə o günü ki, bizə bir müştəridən daha çox bir insan kimi yanaşacaqsınız...

Mövzunun məcrasını – bizimlə şirkət arasında əsas elementlərdən olan şirkət təmsilçilərinə... satıcılara, qaynar xətt nümayəndələrinə, ofisiantlara, müştərliərlə iş üzrə müvafiq şəxslərə, uzun sözün qısası bizimlə ən çox görüşmə şərəfinə nail olan şirkət işçilərinə, onlara qoyulan öhdəlik və vəzifələrə, bizləri məmnun etmələri üçün dəridən-qabıqdan çıxma tələblərinə- dəyişmək istərdim.

Müştərini xoş qarşılama, gülüş vəd etmə və məmnuniyyət! Əvəzində səhərin erkən vaxtlarından axşamın gec saatlarına qədər “ayaq üstündə” və 200-300 manatlıq aylıq əmək haqqına, məcburi süni davranışları ilə müştərilərin əlavə ödənişlərinıə məhkum olunmuş ofisiantlar, restoran təmsilçiləri, satıcılar və mehmanxana nümayəndələri...

Bəli, bizlər vacibik. Müştəri sizin hər şeyinizdir. Bəs işçiləriniz?! Axı biz sizinlə yox onlarla görüşürük. Axı bizim məmnuniyyətimiz onların da məmnuniyyəti ilə birbaşa əlaqəlidir, düz mütənasibdir. Məmnun edə bilmədyiniz, motivasiyası aşağı olan işçilərinizdən bizi məmnun etmələrini istəmək səhradan məhsuldarlıq tələb etmək qədər müşküldür, absurddur!

Fəlsəfənizə yenidən baxın, cümlələrin sayını azaldın və yaxud bir cümlə ilə kifayətlənin.

Bizi nə qədər tanıyırsınız?