İsveçin mebel istehsalçısı olan nəhəng şirkəti “IKEA”nın qurucusu Ingvar Kamprad yanvarın 28-də 92 yaşında vəfat edib.
Facemark.az Rusiya mətbuatına istinadən xəbər verir ki, mənbələrin verdiyi məlumata görə, o Smalandedə yerləşən evində ölüb.
“Biz Ingvarın ölümünə görə, çox təəssüf edirik. Biz həmişə onu, insanlara xidmətdə sadiqliyi və fədakarlığı ilə xatırlayacağıq. Heç vaxt imtina etməyin və ən yaxşı nümunələri izləməyə davam edin”, - deyə “Inter IKEA Group”un rəhbəri Torbern Lyof deyib.
“Bloomberg Indeks”in verdiyi məlumata görə, I.Kampradın 41 milyard dollarlıq sərvəti mövcuddur.
Xatırladaq ki, Ingvar Kamprad 1926-cı ildə anadan olmuşdu. O IKEA şirkətinin 1943-cü ildə, hələ 17 yaşı olarkən atasının ona hədiyyə olaraq verdiyi vəsait ilə qurub. O, 1988-ci ildən bəri şirkətin fəaliyyəti ilə bağlı olan məsələlərə qarışmayıb. 2013-cü ilə qədər şirkətdə böyük məsləhətçi olaraq qalıb. Onun oğlu isə şirkətdə top menecer mövqeyini qoruyur.
I.Kamprad tarixdə çox xəsis milyarder kimi qalacağı şübhəsizdir. Belə ki, hələ 2016-cı ildə verdiyi reportajların birində saçlarını daha ucuz olsun deyə inkişaf etməkdə olan ölkələrdə kəsdirdiyi deyib.
Məsələn, həmin ildə verdiyi reportajda deyirdi ki, o saçlarını Vyetnamda kəsdirib. Deyilənə görə, qarderobunda olan geyimlərin çox hissəsi ucuzluqdan aldığı paltarlar təşkil edib. Kamprad biznes həyatına hələ 5 yaşında ikən kibrit sataraq başlayıb. Daha sonra balıq, kələm, Yeni ilə aid bəzəklər satıb. Başqa zənginlər kimi şəxsi təyyarədə səyahət etməyən, həyatı boyu təyyarələrin ekonom sinfinə üstünlük verən iş adamı avtomobil mövzusunda da çox sadə seçimi var idi. Kamprad 1993-cü il modelində olan avtomobilini 20 ildən çoxdur ki, istifadə edirdi.
Qeyd edək ki, “IKEA”nın adı bu gün qeyri-adi kampaniyaları, marketinq strategiyaları ilə gündəmdədir. Dünyanın 49 fərqli ölkəsində isə şirkətin 412 şöbəsi mövcuddur.


