“Net Application” şirkəti fərdi kompyuter və mobil qurğular üçün nəzərdə tutulmuş brauzerlərin 2012-ci ilin iyun ayına olan bazar paylarını qiymətləndirib.
Məlum olub ki, fərdi kompyuterlər seqmentində ən geniş yayılmış brauzer 54,00% bazar payı ilə Internet Explorer-dir.
Reytinqin ikinci pilləsində olan Firefox iyun ayı ərzində öz payını 0,35% artırmışdır. Hazırda bu brauzer veb-naviqasiya üçün dünya bazarının 20,06%-ni əhatə edir. İlk üçlüyü isə Chrome tamamlayır ki, onun bazar payı 0,50% azalaraq 19,08% olmuşdur.
Növbəti pillələrdə 4,73% və 1,60% göstəricilərlə Safari və Opera qərarlaşıblar. Ötən ay ərzində bu veb-brauzerlər mövqelərini müvafiq olaraq 0,11 və 0,03% möhkəmləndiriblər.
Mobil qurğular bazarında isə 65,79% göstərici ilə Safari Mobile liderlik edir. İkinci, üçüncü pillələrdə Android platformasına məxsus brauzer (19,17%) və Opera Mini (10,45%) yerləşir. Mobil qurğular üçün nəzərdə tutulmuş digər brauzerlər bazarın 4,59%-ni təşkil edir.

