Bu gün Bakıda II “SAT Forum”u (Satış Formu) başlayıb.


Facemark.az xəbər verir ki, ilk panelin-FMCG (Gündəlik İstehlak Malları Paneli) moderatoru qismində “Azgranata” ticarət və dağıtım şirkətinin baş direktoru Anar Bayramov çıxış edib.


A.Bayramov deyib ki, bazarda ciddi dəyişikliklər baş verir: “Supermarketlər şəbəkəsinin rəhbərləri, təkcə “Fresco” istisna olmaqla bu cür tədbirlərdə iştirak etməyə maraqlı olmurlar. Yaxşı olardı ki, onlarda bu cür tədbirlərdə iştirak edərək, öz təcrübələrini auditoriya ilə paylaşardılar”.


İlk panelin spikeri isə “Sirab” şirkətinin kommersiya direktoru Kıvanc Yaycılı olub. Daha sonra isə “Azərsun” şirkətinin satış və marketinq direktoru Ümid Solak, “Nestle” Azərbaycan şirkətinin biznesin inkişafı üzrə direktoru Anar Məmmədov çıxış edib.


“Sirab” şirkətin Azərbaycan üzrə kommersiya direktoru spiker qismində çıxış edərək, bazarda uğur hekayəsindən danışıb: “Biz 22 nəfərlə bazarda fəaliyyətə başladıq. Komanda olaraq fəaliyyətə başlayanda dedik ki, nəticə alana qədər mübarizə aparacağıq. Təəssüf ki, insanlar asan və tez uğur əldə etmək niyyətindədir”.


O deyib ki, biznesdə nə istədiyinizə qərar verməyiniz vacibdir: “Biz mal satacağıq demədik, biz hər yerdə olacağıq dedik. Rəqiblərin çox olması, bizi bəzən məyus da etdi. Amma biz fəaliyyət göstərməyə davam etdik”.


Kommersiya direktoru vurğulayıb ki, ticarətdə rəqəm önəmlidir: “Hər zaman rəqəmlə danışın. Bu sosial həyatınızda da belədir. Rəqəm yoxdursa, uğur da yoxdur. Rəqəm çox önəmlidir, bunu heç vaxt unutmayın”.



Onun sözlərinə görə, şirkətlər Amerikanı yenidən kəşf etməməlidir: “Artıq dünyada hər şey kəşf edilib. Lazım olan mövcud olanları öz biznesinizdə tətbiq etməkdir”.


Kommersiya direktoru qeyd edib ki, şəxsi olaraq özünüzü inkişaf etdirin: “Universitet ilə uğur əldə etmək kifayət etmir. Uğur əldə etmək üçün çalışdığınız şirkətdən ummadan öz bacarıqlarınızı artırmalısınız”.


O, deyib ki, sosial mediadan faydalı istifadə edin: “Hərəkətsizlik ən böyük xəstəlikdir. Çalışın sosial mediadan istifadəniz daha faydalı olsun”.


K.Yaycılı şirkətlərə tövsiyə edib ki, rəqiblərinizi pisləməyin, onları tənqid edin.


O bildirib ki, uğurun ən önəmli sirri, şirkəti şirkət edən onun komandasıdır: “Doğru, çalışqan komandanı tapsanız, hər şey edərsiniz. Bizim çətin günlərimiz oldu, amma komandamızın fədakarlığı ilə bu günə gəldik. “Sirab”ın uğuru operatorundan, yük avtomobili sürücüsünə qədər hamının zəhmətini hesabına olub. Şirkətlərdə ən böyük problem özünü bəyəmişlikdir: Məsələn, nəyi isə tək əldə etmək mümkün deyil. Deyirlər, tək uğur əldə etdim, bu necə olur?”.


Yalnız su satmaqla necə uğur əldə edirsiniz? sualına isə belə cavab verib: “Çətinlik çəkirik. Suyun marjası çox azdır. Onu kütləvi satmalıyıq ki, daha çox gəlir əldə edək. Ona görə də, bu sektorda uğur əldə etmək üçün çox çalışmalısınız”.


O sonda auditoriyaya ünvanlayaraq deyib ki, siz olmadan mən heçəm. Bizi uğurlu edən Sizlərsiniz.