“SAT Forum” 2018-in üçüncü və sonuncu, satış komandası paneli başlayıb.
Facemark.az xəbər verir ki, sonuncu panelin moderatoru “Azərsun Akademiya”sının direktoru Cəlal Eynullayevdir.
“SAT GROUP” şirkətinin rəhbəri Azad Qəhrəmanov, CİBS şirkətinin direktoru Təbriz Hacıyev, “Gilan Holding”in İnsan Resursları üzrə koordinatoru Xəqani Səfərov spikerlər arasında yer alır.
Panelin ilk spikeri CİBS şirkətinin direktoru, yalan üzrə ekspert, davranış üzrə mütəxəssis Təbriz Hacıyev olub.
O deyib ki, çox zaman məni yalan üzrə ekspert kimi təqdim etdikdə, insanlar çəkinir: “Biz yalnız insanları iş prosesində analiz edirik. Ona görə qorxmağa gərək yoxdur”.
Təbriz Hacıyev deyib ki, satıcılar rəqəmlər ilə işləyir: “Çox vaxt marketinqi xərc gətirən sahə kimi, amma satışı isə şirkətə qazanc gətirən sektor kimi görülür. Məsələn, bizim marketinq komandamız yoxdur, amma 100 şirkət ilə əməkdaşlıq edirik. İnşallah, bu proses belə də davam edəcək”.
T. Hacıyev çıxışı zamanı satış üzrə mütəxəsislərin inkişaf etdirməli olduğu beyin funksiyalarından danışıb: “Bizi külli miqdarda məlumat əhatə edir. 50-60 min düşüncə qalır, dağılır. Bu isə bizim beynimizin filtrindən asılıdır. Qərar qəbul etmək, razı, narazılıq, informasiya ölçüsü və s. İstənilən uğurun arxasında lazım olandan tez qərar qəbul etmək dayanır. İnsanlarımızın 60-70%-i qərar qəbul edə bilmir. Güclü satış ustası qərar qəbul etməyi bacarmalıdır. Qərar qəbul etmək şüuraltıdır”.
O, deyib ki, güclü satıcılar narazı olurlar: “Razı insanlar komandada işləyə bilirlər. Bizim cəmiyyətimiz narazılığa işləyir. İlk təlimin 15 dəqiqəsində biz səhvlər axtarırıq. Mükəmməl satış adamı olmaq üçün narazı olmağınız vacibdir. Marketoloqların 80-i narazı olur. Narazı insanlar kreativ olurlar. Ən pik nöqtə narazı insanlarla xüsusi işləmək metodikası var. Məsələn, onlara dedikdə siz edə bilməzsiniz, deyir yox, mən edə bilərəm”.
O bildirib ki, yaxşı satıcılar pozitiv, aktiv, təşəbbüs göstərən insanlar olurlar: “Bu gün insanlar pozitiv üzərində qurulmalıdır. Onlar düşünməlidirlər ki, biz bunu edə biliriksə, mütləq edəcəm. Satış insanları pozitiv olmalı, ümumi işləməli, qlobal düşünməlidirlər. Yaxşı satıcı detallara varmır. Planlı insanlardan yaxşı satıcı gözləməyin. Satış adamı indiki dövrlə işləməməlidir. Gələcəyə fokuslanan insanlar güclü satış insanları olurlar”.
T. Hacıyev sonda deyib, “Sizin həyat yolunuz beyninizə daxil olan düşüncələrinizdən” asılıdır.
Panelin ikinci spikeri Azad Qəhrəmanov isə bu gün şirkətlər tərəfindən tələb edilən satıcıları “Spartalı satıcılara” bənzədib:
“Bizim şirkətlərə spartalı satıcı lazımdır. Məsələn, yeni müştərilər qazana bilən, köhnə müştərilərə daha çox məhsul sata bilən, narazı müştərilər ilə işləyə bilən, axıra qədər gedən və s.”
O deyib ki, bu gün qeyd olunan şərtlərə cavab verən satış mütəxəssisləri çox azdır: “Onlar da çalışdıqları yerdən ayrılmaq istəmirlər”.
Mütəxəssisin sözlərinə görə, hər bir şirkətin satıcı hazırlamaq proqramı olmalıdır: “Bu 3 aylıq hazırlıq sistemidir. 3 aylıq müddətdə biz onu korlaya bilərik, ya da ondan yaxşı satıcı əldə edə bilərik. Birinci həftədə biz insanda 4 şübhəni aradan qaldırmalıyıq. Nə qədər maaş alacağam?, Bu məhsulu mən satacağam?, Bu şirkət tənəzzülə uğrayır, yoxsa inkişaf edir?, Mən özüm inkişaf edəcəyəm, yoxsa mənə öyrədəcəklər?!”
Azad Qəhrəmanov vurğulayıb ki, biz 3 ayda ona biznes portnyoru təfəkkürü formalaşdırmalıyıq: “Ona izah etməliyik ki, biz şirkət himayəsində sənə biznes təklif edirik”.