Hesab.az portalının sahibi, “GoldenPay” ASC-nin İdarə Heyətinin sədri dəyişib. Fərid İsmayılzadəni Naina Mehdiyeva əvəz edib.


Facemark.az xəbər verir ki, bu barədə məlumatı Fərid İsmayılzadə öz “Facebook” hesabında paylaşıb.


O, deyib ki, Azərbaycanın ən böyük onlayn ödəmə şirkəti “GoldenPay”in gələcək inkişafı ilə bağlı bu gün (aprelin 13-ü nəzərdə tutur-red.) mühüm qərarlar qəbul etdik:


“Bu gündən etibarən, mən İdarə Heyətinin sədri kimi cari idarəetmə ilə deyil, Müşahidə Şurasının üzvü kimi strateji idarəetmə və inkişaf işlərində fəal iştirak edəcəyəm. İdarə heyətini digər tərk edən üzvü Elvin Mirzayev oldu.


Bundan sonra İdarə Heyəti sədri vəzifəsinə isə çox etibar etdiyim Naina Mehdiyevanı təyin etdik”.


O, deyib ki, Naina xanım şirkətdə 11 ildir işləyir və onun inkişafında müstəsna rolu olub: “O bu günədək əməliyyatlar sahəsinə cavabdeh şəxs və İdarə Heyəti sədrinin birinci müavini olub”.


F.İsmayılzadə bildirib ki, İdarə Heyətinə digər yeni təyinat isə Tuğba Ucardır: “Tuğba xanım ABŞ-da və Türkiyədə aparıcı şirkətlərdə çalışmışdır.


Türk Telekom, TTNET və digər tanınmış şirkətlərin marketinq və məhsulların inkişafı bölmələrində aparıcı vəzifələrdə işləmişdir. Hazırda isə “GoldenPay”də İdarə Heyəti üzvü kimi məhsulların inkişafı və marketinq sahələrinə cavabdeh olacaq”.


“GoldenPay” ASC-nin Müşahidə Şurasının yeni üzvi qeyd edib ki, Mahammadiya Abdurahimov isə İdarə Heyətinin digər üzvü kimi Texniki işlərlə məşğul olmağa davam edəcək.


Fərid İsmayılzadə xatırladıb ki, bu dəyişikliklər “GoldenPay”in idarəetmə komandasını daha da gücləndirəcək: “Biz yaxın vaxtlarda Sizi yeni imkanlar və daha böyük nailiyyətlərlə sevindirəcəyik”.