Aprelin 3-dən “GoldenPay” şirkətinin İdarə Heyətinin sədri vəzifəsini tərk etmiş, tanınmış iş adamı Fərid İsmayılzadə “Tecnovate” adlı inkubasiya mərkəzi yaradıb.


Facemark.az xəbər verir ki, biznesmen bu barədə özünün “Facebook” səhifəsi üzərindən məlumat verib.



Fərid İsmayılzadə bildirib ki, ölkəmizdə startaplara dəstək deyəndə onlara təkcə pul, ofis vermək yox, məhz “coaching”, “mentorship” kimi xidmətlər lazımdır:


“Belə qərar verdim ki, “Tecnovate” adlı bir inkubasiya mərkəzi yaradım. Öz biliyimi, təcrübəmi, şəbəkəmi, pulumu qlobal potensiallı layihələr üçün açıq elan edim, onlarla birgə birgə işləyim və 1-3 ilə ortalığa nəsə çıxardım. Bu aləmdə yaxşı təcrübəyə sahibəm və indi qlobal səviyyədə özümü sınamaq istəyirəm. Alınmaya bilər, amma ən azından çalışacam. Praktik olacağıq, founderlərlə birlikdə az danışıb çox iş görəcəyik”.



O, qeyd edib ki, inkubasiya mərkəzi ancaq qlobal potensiallı layihələr üçün nəzərdə tutulub:


“İnkubasiya mərkəzi balacadır. “Globus Center”in 12-ci mərtəbəsində yerləşir. İlk rezidentləri “Frogo” və “Spinal”dır. Daha 4 potensial layihə var. Ancaq qlobal potensiallı layihələr üçündür. Layihə rəhbərləri ilə birə-bir işləyəcəm və bacardığım hər şeydə dəstək olacam. Qlobal potensiallı istənilən layihə rəhbəri müraciət edə bilər. Özüm də aktiv şəkildə müxtəlif müsabiqələrdə iştirak edəcəm, xaricdən qonaqlar, treynerlər və s. gətirəcəm. Nə də olmasa, mənim həyatımda ilk iş yerim məhz Silikon Vadisində inkubasiya mərkəzi olmuşdur”, - deyə F.İsmayılzadə yazıb.