“Builki forumda (Maliyyə və İnvestisiya Forumu-FIF2018) yüzlərlə azərbaycanlı sahibkar iştirak edir. Bu forumun əhəmiyyəti ondan ibarətdir ki, ölkədə cənab prezidentin apardığı iqtisadi islahatlar ilə paralel olaraq, Azərbaycan sahibkarlarının daha çox məlumat almaq imkanları olur”.
Facemark.az xəbər verir ki, bu sözləri FIF2018 Forumu çərçivəsində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçi direktoru Vüsal Qasımlı jurnalistlərə açıqlamasında deyib.
Vüsal Qasımlı bildirib ki, Azərbaycanda qeyri-neft ixracı ilin ilk rübündə 35% artıb:
“Xüsusi olaraq qeyd etmək lazımdır ki, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı aparılan islahatlar, artıq nəticələrini verib. Azərbaycanda qeyri-neft ixracının ilin ilk rübü üzrə 35% artması, bilavasitə olaraq özəl sektorun hesabına həyata keçirilib.
Azərbaycanda yeni iqtisadi artım nöqtələri, eyni zamanda qeyri-neft sənayesi, turizm, xidmət sektoru, nəqliyyat, loqistika, qeyri-neft sənayesində özəl sektorun payı getdikcə artır. Faktiki olaraq özəl sektor, cənab prezidentin əvvəlcədən elan etdiyi kimi, iqtisadiyyatın əsas lokomotivinə çevrilib. Həm də özəl sektor qeyri-neft sektorunun artmasına dəstək verir”.
Mərkəzin icraçı direktoru qeyd edib ki, yeni iş yerlərinin yaradılması, regionların inkişafının nöqteyi nəzərindən özəl sektorun rolu çox böyükdür:
“Bütün bunlar da ona görə baş verir ki, bir tərəfdən Azərbaycanda biznes mühiti yaxşılaşdırılır, digər tərəfdən dövlətin biznesə dəstəyi artır.
Sənaye parklarının yaradılması, investisiya təşviqi sənədinin verilməsi, ixracın subsidiyalaşdırılması, verilən vergi güzəştləri, lisenziyaların və icazələrin sayının azaldılması, iqtisadiyyatın xidmətlərinin rəqəmsallaşdırılması bütün bunlar özəl sektorun sürətlə inkişafına gətirib çıxarıb”.
V. Qasımlı qeyd edib ki, hesab edirik ki, bu tip tədbirlərdə (FIF2018 kimi) özəl sektor və dövlət nümayəndələrinin qarşılıqlı fikir mübadiləsi islahatların daha da dərinləşməsi baxımından vacibdir:
“Bu cür fikir mübadilələrində, həmçinin sahibkarların fikirləri nəzərə alınır. Beləliklə islahatlar daha da inklüziv olur”.