“Ötən ilin I Maliyyə və İnvestisiya Forumunda (FİF2017) 200 şirkətdən 500 nəfər əməkdaş iştirak edib. Azərbaycan dövlət orqanlarından, sahibkarlardan, iştirakçılardan, bu sahəyə marağı olan şəxslərdən bizə geri dönüşlər müsbət olub. Biz təşkilatçılar ilə birgə qərar gəldik ki, bu ildə ikinci belə bir forum təşkil edək. Bilirsiniz ki, Dünya İqtisadi Forumunda (Davos) iqtisadiyyatın rəqəmsallaşması, süni intellekt ilə bağlı məsələlərə toxunulub”.


Facemark.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında II Maliyyə və İnvestisiya Forumunun (FİF2018) həmtəsisçici Emin İsmayılov deyib.


E.İsmayılov bildirib ki, beynəlxalq təcrübəyə istinad edərək, ölkədəki çatışmazlıqlar yerli mütəxəssislər ilə birgə müzakirə olunacaq: “Biz qərara gəldik ki, dünyada baş vermiş trendləri yerli bazara gətirərək, öz ölkəmizin mütəxəssisləri ilə birgə çatışmazlıqları müzakirə edək. Forumun sonunda təkliflər paketi hazırlayıb hökumət üzvlərinə göndərəcəyik. Bugünkü Forum 3 paneldən ibarət olacaq. Hər bir paneldə isə dövlət orqanlarının nümayəndələri iştirak edəcək. Sahibkarları narahat edən, cavab tapmaq istədikləri sualların hər biri interaktiv olaraq cavablandırmağa hazırıq”.


Həmtəsisçi, Forumda müzakirəyə çıxarılacaq mövzulara da toxunub: “Son dövrlər sahibkarlığın inkişafı ilə bağlı ölkədə kompleks tədbirlər həyata keçirilir. Forumda xüsusilə hesabatlılığın təkmilləşdirilməsi və şəffaflaşdırılması, eyni zamanda biznes subyektlərinin şəffaf hesabatlılıq ilə bağlı məsələləri müzakirə olunacaq. Müzakirələrdə, həmçinin beynəlxalq təcrübələrin qanunvericilikdə əks edilməsi, qanunvericiliyə edilən dəyişikliklərin sahibkarlara düzgün çatdırılması, blokçeyn, kriptovalyuta, ICO, ümumilikdə iqtisadiyyatın rəqəmsallaşdırılması məsələsi müzakirə mövzularından olacaq”.