Kosmetik məhsulları istifadə edərkən son istifadə tarixi nə dərəcədə önəmlidir? Son istifadə tarixi keçmiş kosmetik məhsulları istifadə etdikdə nələr baş verir? Kosmetik məhsulların ömrünü necə uzatmaq olar? Əgər sizləri də bu kimi suallar maraqlandırırsa, bu məqaləni diqqətlə oxuyun. Ola bilər ki, siz uzun illərdir eyni kosmetik məhsulları istifadə edirsiniz və onların xarab olmadığını düşünürsünüz. Amma məsələ burasındadır ki, vəziyyət tam olaraq belə deyil. Bir çoxlarımızın məlumatı olmasa da, bildirmək istərdik ki, məhz kosmetik məhsulların da son istifadə tarixi var. Bu məqaləmizdə sizləri kosmetik vasitələrin son istifadə tarixi haqqında məlumatlandıracayıq. Əmin olun ki,bunları bilməklə siz sağlamınızın qeydinə daha yaxşı qala biləcəksiniz.
Kosmetik məhsullarda son istifadə tarixinə diqqət edilmədikdə yaranan fəsadlar
Kosmetik məhsullardan son istifadə tarixi keçdiyi halda istifadə etdikdə bir çox fəsadlar yaranır. Belə ki, bu məhsullar istifadə xüsusiyyətlərinə görə bir-birlərindən əsaslı şəkildə fərqləndikləri üçün yarada biləcəkləri problemlər də müxtəlif cürdür. Kosmetik məhsullar xarab olduqda dəridə xüsusi səpgilər, qızartılar yarada, gözlərdə sullanmaya,qıcıqlanmaya, bu kimi və bundan da böyük fəsadlara səbəb ola bilər. Ona görə də, bu məhsullardan düzgün istifadə etmək lazımdır ki, daha sonra bizə böyük dərdlər açmasın.
Kosmetik məhsulların son istifadə tarixi
Kosmetik məhsullar bir-birlərindən spesifik xüsusiyyətlərinə, saxlanma şəraitinə görə fərqlənsələrdə, son istifadə tarixinin qiymətləndirilməsi üçün ümumi müddəalar var. Gəlin nəzər yetirək:
1. Dodaq boyaları (1 il) - Gündəlik həyatında xanımların ən çox istifadə etdikləri kosmetik vasitə olan dodaq boyalarını tez-tez dəyişmək daha məqsədə uyğundur. Dodaq boyalarını birbaşa günəş işığından qorumaq lazımdır və tez-tez dizinfeksiyaedici vasitələrlə təmizləmək lazımdır.
2. Qələmlər (1-2 il) - Göz qələmlərinin, dodaq qələmlərinin ucları açıla bildiyi üçün hər dəfə daha təmiz olduqlarından əmin oluruq. Amma bu yenə də onları sonsuzadək işlədə biləcəyimiz mənasına gəlmir. Əgər qələm qurumağa başlayıbsa, deməli onu atmağın vaxtı gəlib, bunu nəzərinizdən qaçırmayın.
3. Tonal krem (1-2 il) - Bakteriyalar adətən şüşə qablarda olmayan tonal kremləri sevirlər. Ağzı açıq qalan tonal krem 6 ay içində xarab olar. Qaranlıq qutularda saxlanılmalıdır, çünki işıq onların xarab olmasını sürətləndirir. Bu məhsullar çox risklidirlər. Belə ki, rəngində, qoxusunda və ya görünüşündə dəyişim gördüyünüz an bu məhsulları atmağınız məsləhətlidir. Əks halda dəridə müəyyən fəsadlar yarada bilərlər.
4. Pudra, bronzer, toz kosmetik məhsulları (2 il) - Bu məhsulların ömrü uzundur. Lakin xarab olduqda, üzərlərində xırda qabarcıqlar olur və qoxusu ağırlaşır.
5. Liner, tuj (6 ay) - Bu məhsulların son istifadə tarixi keçdikdən sonra işlədilməyi davam etdirilərsə, ciddi problemlər yarana bilər. Belə ki, gözdə qızarmalar, qaşınmalar və daha sonra bundan da böyük fəsadlar yaranır. Məhsulun xarab olmasını onun ağırlaşan qoxusundan hiss etmək mümkündür.
6. Krem (6 ay) - Hər bir markanın özünün spesifik son istifadə tarixi vardır. Lakin açılan kremin 6 aydan gec olmayaraq istifadə olunması sağlamlıq üçün vacibdir.
Qısa bir not: Hər bir kosmetik məhsulun üzərində onu istifadə etməyə başladığınız vaxtı və son istifadə tarixini göstərən not qoyun. Bununla siz sağlamlığınızı tam şəkildə qoruya bilərsiniz. Bəs kosmetik məhsulların ömrünü necə uzatmaq olar? Əlbəttə ki, onları doğru şəkildə saxlamaqla...
Kosmetik vasitələrin düzgün saxlanma qaydaları
- Kosmetik vasitələrinizi otaq temperaturunda quru yerdə saxlayın.
- Əgər, kosmetik vasitələri çox tez-tez işlətmirsinizsə, onda onları soyuducuda saxlayın.
- Kosmetik vasitələrinizi birbaşa günəş şüalarından qoruyun.
- İstifadə etdikdən sonra kosmetik vasitənin qabını kip bağlayın.
- Əgər, kosmetik vasitənin qabının qapağını əlinizdən düşürübsünüzsə, o zaman onu antiseptiklə (spirt və s.) təmizləyin.
Bu müddəalara əməl etsəniz, əmin olun ki, həm sağlamlığınızı qoruyacaq , həm də kosmetik məhsullarınızın ömrününü uzatmış olacaqsınız.
Əgər bunlara nail olmaq istəyirsinizsə, qida məhsullarında olduğu kimi kosmetik məhsullarda da son istifadə tarixinə ciddi diqqət yetirməlisiniz.




