“Milli Marketinq Forumunun (MMF2018) təşkilatçıları real bazarın oyunçularını Foruma təqdim edib. Marketinqdə baş verən hadisələrə gəldikdə, narazı deyiləm, razıyam. Bu gün istehsalçılar ilə marketoloqların ünsiyyəti videoçarxların birində deyildiyi kimi “Sən düz edirsən, amma yaxş etmirsən”ə oxşayır”.
Facemark.az xəbər verir ki, bu sözləri “Mgroup” şirkətinin rəhbəri, xalq artisti, məşhur prodüser Murad Dadaşov Milli Marketinq Forumunda (MMF2018) çıxışı zamanı deyib.
M.Dadaşov bildirib ki, qonşu Gürcüstanın televiziya sahəsində verişlərin reytinqi və qiymətlər ölkəmiz ilə müqayisədə yüksəkdir:
“Biz düz edirik, amma yaxşı etmirik. Yaxşı etsək ki, Azərbaycanda reklamın qiyməti baha olardı, reklamdan faydalanan insanlar da çox olardı. Sevindirici haldır ki, irəliləyişdə olan şirkətlərimiz var, amma müqayisə üçün deyək ki, televiziya sahəsində qonşu Gürcüstanda qiymətlər, reytinq Azərbaycandan qat-qat üstündür”.
“Biz nədənsə bu işə qorxa-qorxa gəlirik. Bərabərləşib vahid platforma yarada bilmirik”, - deyə prodüser sözlərinə əlavə edib.
Murad Dadaşov qeyd edib ki, “Moşun Şou” mənim intellektimin ən yüksək səviyyəsi deyil:
“Mgroup” şirkəti bu gün bazarda televiziya layihələri istehsal edir. Pis və ya yaxşı. Ölkənin bu gün televiziya məkanında cəmiyyətin gözləntilərinə cavab verən layihələrdəndir. İnanın mənə “Maşın Şou” mənim intellektimin ən yüksək səviyyəsi deyil. Mən bəlkə də ölkənin ulduzları ilə daha da yaxşı şoular edə bilərdim.
Həqiqətən biz fikirləşirik ki, hardasa formanı saxlaya biləcək, amma eyni zamanda tamaşaçıların marağında olan bir layihədir. Sponsorların sayı da az deyil. Maşın şou televiziya məkanında ən bahalı verilişdir. Şərt o deyil ki, biz hamıdan çox qazanmaq istəyirik, layihə özü bahalıdır. Həqiqətən bahalıdır.
Bizim layihəmiz sadəcə efirdə yayımlanır. Qalan bütün avadanlıqlar, kamera, studiya və s. bizimdir. Düşünün ki, bu gün Azərbaycanın ən böyük, reytinq toplayan layihəsi belə sponsorların qapısındadır, qəbul otaqlarında, mesajlarındadır. İndiyənə qədər belədir. Heç bir ölkədə əslində belə bir nümunə yoxdur.
Çox istərdim ki, Azərbaycan televiziya tamaşaçısı Azərbaycan kanallarına baxıb, bundan faydalansın. Biz məhsuldarlığımızı, xidmətlərimizi düzgün mövqeləndirək. Onda həqiqətən də, hər bir halda hamı qazanacaq”.
Şirkətin rəhbəri deyib ki, media bazarında pul çoxdur və bu hamıya çatacaq: “Media bazarında pul çoxdur. Həqiqətən çoxdur. Bu hamıya çatacaq. Mən düşünürəm ki, sadəcə kiminsə bundan xəbəri yoxdur. Bunun qaydası olmalıdır, əks halda sistem olmayandan sonra, hər şey dağılacaq.
Vaxt gələcək ən əsas mesajlarımızı türk serialları vasitəsilə deyəcəyik. Məcbur olacağıq. Gələcək bunu deyir. Ona görə ki, bu mümkün deyil. Çünki heç kəs yerli TV-yə baxmır.
Bir daha xahiş edirəm ki, hansısa formada yerli istehslaçılar ilə marketinq direktorlarının ünsiyyət forması tapaq. Biz bu krizis dövrünü keçməliyik, biz Azərbaycan mediasında bu gün böyük bir krizis yaşayırıq.
Mən hamınıza uğurlar arzu edirəm, çox istərdim ki, bizim bəlamızı çox qısa zamanda aradan götürək. Yoxsa əks halda, oyunçular dəyişəcək, bazarda oyuncular xarici şirkətlər olacaq. Bizim əsas, burda yaratdığımız dəyərləri silib öz istədikləri şəkildə quracaqlar”.