Elektrik mühərrikli avtomobil istehsalçısı “Tesla”nın baş icraçı direktoru, biznesmen İlon Mask (ing.Elon Musk) adıçəkilən markanın 2018-ci il içərisində Türkiyə bazarına giriş edəcəyini “Twitter” sosial platforması üzərindən yayımlamışdı.


Facemark.az xəbər verir ki, ötən gün isə bu istiqamətdə konkret addım atılıb. Elana görə, “Tesla” rəhbərliyi Türkiyənin İstanbul şəhərində xidmət göstərməsi üçün servis meneceri axtarır.


Qeyd edək ki ötən ilin noyabr ayında Türkiyənin paytaxtı Ankaraya gələn, “Anıtkabir”i ziyarət edərək 10 Noyabr (Türkiyə Cümhuriyyətinin Qurucusu Mustafa Atatürkün anım günü) paylaşımını edən Mask ötən ay atdığı tvitdə demişdi ki, “Ölkənizi sevirəm və “Tesla” adıçəkilən bazarda təqdim edilən vaxt şəxssən orda olacam”.


Firmanın ən populyar nəqliyyat vasitəsi olan və bu günə qədər 200 mindən çox satılan “Model S” 2015 və 2016-cı illərdə dünyanın ən çox satılan elektrik mühərrikli nəqliyyat vasitəsi olub.


Türkiyədə “Tesla”nın elektrik mühərrikli avtomobillərini idarə edənlərin sayı bir neçə yüz insanı keçib. Amma şarj stansiyalarının və servis xidmətlərinin çatışmazlığı elektrik mühərrikli nəqliyyat vasitələri bazarının qarşısındakı ən böyük maneələrdən biri olaraq qiymətləndirilir.




Mənbə: digitalage.com