Birinci panel-idarəetmə sistemləri panelinin spikeri, RDC şirkətinin baş direktoru Kamran Eyyubov Biznes İdarəçiliyi Forumunda çıxışı zamanı dünya praktikasında mövzud olan vahid idarəetmə prinsplərindən, işçi resurslarına idarəçilərin yanaşma tərzindən, idarəetmədə informasiya texnologiyalarından asılılıq məsələsinə toxunub.
O, çıxışı zamanı beynəlxalq araşdırmalara, əsasən müxtəlif növ liderliklərdən bəhs edib: “ Məsələn təsəvvür edin ki, Böyük Britaniyada bir nəfər rəhbər bütün hamıya nəzarət edir. ABŞ-da isə yuxarıda rəhbər oturur, aşağıda oturan menecerlər isə işləri daha aşağıda olan menecerlərə digərlərinə ötürür. Fransada idarəetmə sistemi sütüna oxşayır və işlər digərlərinə ötürülərək davam edir.
Almaniyada isə idarəetmə iyerarxiya üzərində qurulub. Aşağıda çalışanlar işləri görür və ən sonda isə rəhbər onu təsdiqləyir. Asiya ölkələrində vacib idarəetmədə həlledici 4 rəhbər mövcuddur.
Latın, ərəb ölkələrində isə idarəetmə qohumçuluq sistemi üzərində qurulub: “Belə ölkələrdə böyük rəhbər var, iki qohum lider və digərləri”. Yaponiyada isə yuxarıda oturan şəxs prosesi idarə edir, işləri isə çalışanlar yerinə yetirir. O, bizə qonşu olan Rusiyanın idarəetmə sistemindən də bəhs edib: “Kənardan baxdıqda bu ölkədə normal sütünlu idarəetmə mövcuddur. Amma ortada isə bir insan var, etibarlı, leytenant. Rəhbərin bir nəfər etibarlı leytenantı var ki, bütün prosesi də o idarə edir. Çində idarəetmə sistemində rəhbərlər var, amma bu prosesə regionların, Çin mədəniyyətinin təsiri qaçılmazdır. İsraildə idarəetmə sistemi hərbi sistem, xalq, din üzərində qurulub.
O, çıxışı zamanı auditoriyaya Azərbaycanın idarəetmə modelindən də bəhs edib: “Bizim bir çox liderlərimiz deyir ki, biz hər şeyi bilirik. Bu fikir düz də ola bilər, səhv də. Bu azərbaycanlıların mədəniyyətinin daxilində olan bir yanaşmadır. Azərbaycanda idarəetmə sisteminə yaxın olan modellərdən biri də Rusiya modelidir ki, burada qohumçuluq ön plandadır. Qohum etibarlıdır, ya yox bu ayrı mövzulardan biridir. Bəzən bizim rəhbərlər inadkardırlar. Onlar düşünür ki, mən müdirəm, qərar qəbul edirəmsə, hamı da mənə tabe olmalıdır. Bəziləri isə sadəcə deyir ki, “Ya Allah”, nə olacaqsa olacaq.
Kamran Eyyubov bildirib ki, ən yaxşı idarəetmə modeli yoxdur: “Məsələn, Yaponiyada lider olmaq üçün gərək yaşlanasan. Amerikada 24 yaşında, Mark Zuckerberq kimi milyarder ola bilərsiniz”.


