“Biznes İdarəçiliyi Forumu (BİF2018) “SAT Group” komandası tərəfindən ilk dəfə təşkil olunur. Azərbaycanda Biznes İdarəçiliyinin inkişafına təkan vermək, bu sahədə yerli kadrların daha da təkmilləşdirilməsi üçün ümumi müzakirələrin keçirilməsi çox vacibdir.


Facemark.az-ın media dəstəkçisi olduğu Forumun keçirilməsində əsas məqsəd dünyada olan idarəçilik trendlərinin, müasir idarəçilik alətlərinin müzakirə edilməsi və biznes idarəçilərimizi həmin alətlərin tətbiqinə stimullaşdırmaq olub. 02 noyabr tarixində baş tutan Forumda ən az 200 nəfər sahibkar və top menecer iştirak edib.


Forum ümumilikdə 3 panel, İdarəetmə Sistemləri paneli, Milli Keyslər paneli, strategiya paneli olmaqla təşkil edilib. Sonuncu panelin moderatoru Avrora Şirkətinin Təşkilati İnkişaf və İnsan Resursları Departamentinin Direktoru Xəqani Səfərov, spikerlər qismində isə “Modern Group” şirkətinin baş direktoru Anar Bayramov, starteji kommunikasiya konsultantı, analtik, yazar Sevda Güner, Sahibkarlar Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov çıxış edib. Sonuncu panelin spikerlərindən biri olan Anar Bayramov öz çıxışını 9 punkt üzərində qurub.


1. Strategiya niyə uğursuz olur?


Anar Bayramov çıxışına başlayan zaman bildirib ki, bir şirkətdə strategiyanın uğurlu olması üçün onun işçilərə düzgün çatdırılması labüddür.


2. İşçilər strategiyanı icra etmək gücündədirlərmi?


3. İş mühiti adekvatdırmı?


4. Düzgün performans menecment sistemi varmı?


5. Şirkətdə həyəcanı yarada və qoruya bilirikmi?


Baş direktor 5-ci punkta əsasən, deyib ki, bir şirkətdə həyəcan bitibsə, düşünürəm ki, iddia da bitib. İşçilər hər gün monoton deyil, işə gələn zaman önəmli işlər gördüklərini düşünməli, yeni hədəflərə can atmalıdırlar.


6. Strategiya dəyişikliklərə açıqdırmı? “Şirkətin strategiyası mütləq dəyişilməlidir. Bazar şəraiti davamlı öyrənilməli, strategiya da buna uyğunlaşmalıdır. Strategiya nə qədər qısa olsa, o qədər güclü olur”, - deyə “Modern Group” şirkətinin baş direktoru Anar Bayramov BİF2018-də çıxışında deyib.


7. Şirkətdə strateji idarəetmənin özü varmı?


A.Bayramov “Fortune Magazine”nin araşdırmasına istinadən deyib ki, işçilərin 95%-i şirkətin strategiyasını düzgün anlamır. Şirkətlərin 60%-də isə şirkətin büdcəsi ilə strategiyası arasında əlaqə yoxdur.


8. Strategiyanın tələb etdiyi dəyişikliklər doğru şəkildə idarə edilirmi?


Sonuncu olaraq isə Anar Bayramov auditoriyaya belə bir sual ünvanlayıb ki, işçilərə yetərincə səlahiyyət vermişikmi?


O, öz çıxışının sonunda əlavə edib ki, şirkətin strategiyası nə qədər qısa olsa, o qədər güclü olur. Və öz çıxışını da bunun üzərində tamamlayıb.


BİF2018-də iştirak edən idarəçilər Forum haqqında düşüncələri necə olub?


“Panda School” şirkətinin rəhbəri “Elvin Dadaşsoy” Forumu təşkil edən komanda, məkan seçimi və tədbirin əhəmiyyəti haqqında bu sözləri deyib: “Forum super keçir. Deyərdim ki, olduğum ən gözəl forumdur, həm təşkilatçılıq çox yaxşıdır, həm forumda iştirak edən şəxslər daha yüksək təbəqə idarəçilərdir. Networkinq yaxşı keçir, daha yaxşı, təcrübəli dostlar qazana bildik. Tədbirin təşkilatçıları çox möhtəşəmdirlər. Məkan çox düzgün seçilib. Ona görə də, razıyıq. Panellərə gəldikdə isə, məsələn, birinci panel də çox maraqlı idi. 3-cü paneli də gözləyirik. Ümid edirik o da faydalı olacaqdır”.


Forumun ayrı-ayrı panellərdə səsləndirilən biznesdə qohumçuluq, yeni texnologiyaların idarəetmə sistemində tətbiqi məsələləri haqqında isə E.Dadaşsoy bildirib ki, biznesdə etibarlılıq anlayışı çox vacibdir: “Bütün spikerlərin müxtəlif yanaşmaları var idi. Məsələn, “AGA Group”un vitse-prezidenti Qafar Demirçinin yanaşması bir qədər fərqli, daha sərt daha kəskin idi. Bir çox idarəetmə modellərində, xüsusilə tikintidə bu model işləyir. Biznesdə qohumçuluq məsələsi ilə bağlı şirkətin rəhbəri bildirib ki, Azərbaycanda şirkətlərin böyük əksəriyyəti qohumçuluq üzərində qurulub. Mənə görə, əgər qohum faydalıdırsa, onu işə götürmək əlbəttə ki, olar. Faydasız qohum ilə kim öz binzesinə ziyan vurmaq istəyər ki...”.


O, texnologiyanın biznesdə tətbiqi məsələsi ilə bağlı qeyd edib ki, Forum vasitəsilə, yeni tanışlıq qurub və həmin şirkət ilə əməkdaşlıq edəcək: “Texnologiyanın biznesdə istifadəsi qaçılmazdır. İnsan amili olduğu yerdə etibar amili rol oynayır. Etibara əsaslanan bütün sistemlər də bir gün dağılır. Elə olmalıdır ki, iş səndən asılı olmasın.


Hətta işin rəhbəri, investoru, CEO-su belə dəyişsə, həmin iş eyni qaydada davam etsin, buna görə, mütləqdir ki, bütün prosesləri dijitallaşdırasınız. Dijitallaşmayan proseslər bir gün məhvə məhkumdur. DATA-lar menecerin beynindədirsə, onlar getdisə, datalar da gedəcəkdir. Lazımı bütün datalar dijitallaşsın. Biz öz şirkətimizdə yeni texnologiyaları tətbiq edirik. Daha da bunu təkmilləşdiririk. Burada olan “LOGİX”in rəhbəri ilə, bu gün burada tanış olduq və müzakirələr apardıq. Bizim “Panda School” şirkətimiz üçün qarşıdakı həftələrdə görüşüb, daha təkmil bir proqramın üzərində işləyəcəyik”.