“Biznes İdarəçiliyi Forumunda (BİF2018) iştirak edən spikerlər, əsasən proqressiv şirkətləri təmsil edirlər və onlar mütərrəqqi düşüncəli şəxslərdir. Forumun spikerləri biznes idarəçiliyinə proqressiv yanaşır və bu da mənim baxışlarım ilə 80% üst-üstə düşür”.
Facemark.az-a bu sözləri BİF2018 çərçivəsində “Modern Group” şirkətinin baş direktoru Anar Bayramov deyib.
Amma forumda səslənən bəzi nüanslar isə mənim fikirlərim ilə tərs mütənasibdir: “Bu baxımdan “AGA Group”un vitse-prezidenti Qafar Demirçinin işçilər ilə bağlı sərt yanaşmasını misal göstərmək olar. O, deyir ki, bəzən işçilər ilə sərt olmaq lazımdır və bir qrup işçi kateqoriyası bizdə olmamalıdır. Amma mənə görə, heç vaxt çalışan ilə sərt olmaq olmaz və şirkətin də dəyərləri olmalıdır. Şirkətin dəyərlərinə tərs olan nə varsa, bəli biz də onları qəbul etmirik. Məsələn, yaltaqlıq. Düşünürəm ki, yaltaqlıq, əlbəttə ki, bizim şirkətdə də olmamalıdır”.
“Qafar bəyin sadaladıqları ola bilər ki, onun şirkətinin dəyərlərinə uyğun deyildir. Bu tam normal bir şeydir. İdarəçilik sisteminin inkişafı o deməkdir ki, şirkət fərddən asılı deyil. Şirkətdə sistem, saat kimi işləyən mexanizim var”, - deyə baş direktor sözlərinə əlavə edib.
Anar Bayramov əvvəllər forumlar təşkil edən zaman spikerlərin seçilməsində yaşadıqları çətinlikdən də danışıb:
“Çox yaxşı haldır ki, bu gün danışan şirkət rəhbərləri var. Biz neçə illərdir ki, forumlar təşkil edirik. Əvvəllər çətinlik çəkirdik, ona görə ki, böyük şirkət rəhbərləri, sahibkarlar öz təcrübələrini paylaşmağa meyilli deyildilər. Bu cür forumlar orta, kiçik biznes, yeni qurulan şirkət, start-uplar üçün yaxşı imkandır. Onlar danışılan təcrübələrdən faylana bilər və biznesdə 20-30 il gəlmiş şirkət rəhbərlərinə qulaq asmaqla, səhvlərin təkrarından qaça bilərlər. Çox yaxşıdır ki, şirkət rəhbərləri fikirlərini, təcrübələrini paylaşırlar. Uğurlar arzu edirəm”.