“Mənim son musiqi albumum bir neçə həftədir ki, bazara təqdim edilib. Onun içində ümumilikdə 18 mahnı cəmləşib. Son albumumu ərsəyə gətirən zaman dijital problemlə qarşılaşdım”.
Facemark.az xəbər verir ki, bu barədə dekabrın 1-də baş tutan Dijital Marketinq Konfransında (DMC2018) bəstəkar-müğənni, prodüsür Murad Arif “Dijital verilişlər və musiqilər” adlı çıxışı zamanı deyib.
“Musiqi albumuna daxil olan 18 mahnının aranjımanının hər birinə orta hesabla 2000 manat olmaqla, təxminən 36 000 xərc lazım olub. 10 mahnıya isə klib çəkilib, hər musiqiyə çəkilən klipi 5000 manatdan hesablasaq bu 50 000 manat deməkdir. 3 ay davamlı olaraq radio, sosial platformalarda mahnıların yayımlanması üçün xərc isə təxminən 30 000-ə başa gəlir”.
M.Arif deyib ki, digər sənətçilər bəstəkarlarla işləmək məcburiyyətində qaldıqlarına görə, onların musiqi albumunu ərsəyə gətirmək üçün xərcləri daha çox olur: “Mənim üstünlüyüm odur ki, 99% mahnılarımın söz və musiqisini özüm yazıram. Hər mahnının söz və musiqisinin hazırlanmasına çəkilən xərci isə 5000 manatdan hesablasaq bu isə təxminən 50 000 manat deməkdir”.
“Təsəvvür edin ki, Azərbaycanda bir musiqi albumunun ərsəyə gəlməsi üçün ən azı 150 000- 200 000 manat pul lazımdır”, - deyə bəstəkar-müğənni sözlərinə əlavə edib.
Murad Arifin sözlərinə görə, əgər müğənni musiqi albumun hazırlanmasına ümumilikdə 200 000 manat xərci çıxırsa və ondan 5 qəpik də qazana bilmirsə, o zaman musiqi sektoru bəsitləşəcək: “Ona görə də, bu ölkənin müğənniləri album sata bilmir, sonra deyirsiniz ki, niyə musiqimiz toyxanalaşıb, niyə bəsitdir”.
Daha sonra o çıxışı zamanı üzünü adiyyatı rəsmi orqanlara tutaraq deyib ki, mp3 saytları bağlayın: “Bizim sektorun böyük bir dijital problemi var. Biz mp3 piratçılığı ölkəmizdə bitirə bilmirik. Bu, məni çox narahat edir. Biz musiqi sektorunun insanları olaraq yaradıcılığımızı sata bilmirik”.
Xatırladaq ki, Murad Arif 15 ildir ki, teleradio jurnalistikası ilə məşğuldur. Aparıcılıq, DJ-lik edir. Həmçinin, bazarda çox yaxşı tanınan prodüserlərdən biridir. 10 ildir ki, yazdığı mahnıları müğənnilər tərəfindən ifa edilir. 3-4 ildir ki, öz yazdığı mahnıları oxuyur.