“Amazon”un rəhbəri Ceff Bezos yazıçı həyat yoldaşı - Makkenzi Bezosdan 25 ildən sonra boşanır.


Facemark.az xəbər verir ki, boşanma haqqında qərarı cütlük “Twitter” hesabı üzərindən ediblər.



Ceff Bezos 137 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı insanıdır. Əgər o yoldaşından ayrılacaqsa, bu halda sərvətinin yarısını həyat yoldaşına verəcək. Nəticədə, dünyanın ən zəngin insanı yenə “Microsoft”un təsisçisi Bill Qeyts olacaq.


BBC yazır ki, Makkenzi Bezos sərvətin yarısına sahib olduğu təqdirdə, kosmetika nəhəngi “L'Oreal'” qurucusunun nəvəsi Françoise Bettencourt Meyersi keçəcək və 68,5 milyard dollarlıq sərvəti ilə dünyanın ən varlı qadını olacaq.


ABŞ-ın “Bloomberg” nəşrinin “Milyarderlər İndeks”inə görə, Meyersin şəxsi sərvəti 45,6 milyard dollar, Bill Qeytsdə isə 93 milyard dollardır.




54 yaşlı Ceff Bezos və 48 yaşındakı Makkenzi Bezosun sosial şəbəkə üzərindən boşanma barəsində açıqlamaları belə idi:


“Bir-birimizi tapdığımıza görə çox şanslı hiss edirik və evli olduğumuz hər bir il üçün minnətdarıq. 25 il sonra ayrıldığımızı bilsəydik belə hamısını yenidən edərdik. Birlikdə evli cütlük olaraq mükəmməl həyatımız oldu. Dost, valideyn, investisiya və layihə şəriki olaraq qarşımızda mükəmməl gələcək var. Adlandırılma fərqli olsa da, ailə və yaxşı dostlar olaraq qalacağıq”.



Xatırladaq ki, cütlüyün 1 övladlıq olmaqla, 4 uşaqları var.