Texnologiya bu gün yalnız uşaqların həyatına daha çox əlvanlıq, ünsiyyət, dinamika və aktivlik gətirir. Onlar sanki öz yaşlarından daha böyük görünürlər. Böyüklərsə, əksinə, texnologiyanın təsiri ilə daha soyuq rəftarlı, qaraqabaq olurlar, ətalətli, adama yapışmaz və daim nə iləsə ciddi məşğulmuş kimi təsir bağışlayırlar.
Uşaqlar texnologiyanın məhsullarına daha çox əyləncə kimi baxırlar və onların da həyatdan gözlədikləri əslində elə budur. Böyüklər isə az hərəkət etməklə daha çox iş görmək, daha çox qazanmaq istəyirlər. Bir növ müasir tənbəlliyə üstünlük verirlər.
Əslində biz uşaqları bol informasiya ilə yükləyəndə onları sanki zibillikdə oynayan kimi təsəvvür etməliyik. Çünki uşaq beyni həddən ziyadə böyük informasiya yükünü tam qavramır. Bu total informasiya dalğası da onu həyatının ən əziz mərhələsindən-uşaqlıqdan məhrum edir.
Böyüklər üçün problem texnologiyanın təkmilləşən axtarış sistemlərində hər bir bilgi və məlumatın rahat əldə olunmasındadır. Saysız-hesabsız alternativ məlumat sistemlərinin mənbə saflığı və ya dürüstlüyü tam bəlli deyildir. Bu sahədə bir ciddi standatlaşdırma və optimallaşdırma uşaqların uşaq və böyüklərin böyük kimi yaşamasını xeyli asanlaşdırardı.
Bundan ötrü ictimaiyyət tərəfindən sosial təzyiqə və tələbə ehtiyac var. Çünki insanların özlərinin də düşünmədikləri halda, ciddi informasiya pressinin altındadırlar və onları duyğulu həyat müstəviləri kiçilməkdədir.
Bu mənada sosial reklamın rolu əvəzsizdir. Belə ki, bu formatda insanlara mal və məhsullar özlərini təşviq etmirlər, əksinə, cəmiyyət üçün gərəkli olan ehtiyaclara diqqətin cəlb olunmasını üstün tuturlar. Zəruri insani keyfiyyətlərin ön plana çəkilməsini sanki pərdə arxasından, özlərini gözə soxmadan dəstəkləyirlər. Bu mənada sosial reklam həmişə aktualdır və hər bir kommersiya fəaliyyətli qurumun bu faydalı fəaliyyət sahəsinə dəstək verməsi zəruridir. Düşünürəm ki, müasir informasiya və digər texnologiyaların insan həyatına dəvətsiz müdaxiləsi dövründə sosial təsir mexanizmləri faydalı nəticə verə bilərdi. Çünki texnologiyanın insan həyatında tutduğu perspektiv qaçılmazdır.
Sosial reklamın bütün tərəflərinin bir məqalə predmeti ola bilməyəcəyi bəllidir. Amma bu sahədə sadə təsnifatın formalaşdırmasına çəhd göstərməyə dəyər. Əsas tiplərlə bərabər, alt tiplərin də mövcud olduğu şübhə doğurmamalıdır. Əvvəlcə sosial reklamın əsas tiplərini sistemləşdirməyə çalışaq. Məqsədim isə bu sahədə, yəni sosial reklam istiqamətində işlərin uğurlu və ya uğursuz olduğunu, respublikamızda bu müstəvidə görülən işlərin xülasəsini vermək və tendensiyalarını izləmək deyildir. Sadəcə olaraq, bu problemə diqqəti cəlb etmək istədim. Məsələn, yazının girişində dediyim kimi, ildırım sürəti ilə həyatımıza aqressiv intervensiyası ilə seçilən müasir texnologiyanın və robotlaşmanın sosial koleydeskopu həyatımıza hansı rənglər və alışqanlıqlar qasırğası gətirəcək? Biz bu intevensiyaya nə dərəcədə hazırıq? Toplumun buna reaksiyası necə olacaq?
İlk növbədə qeyd edim ki, sosial reklamın təşviq təsiri olduqca güclüdür. Təsadüfi deyil ki, siyasi texnoloqlar bundan son dərəcə effektiv dividentlər qazanırlar.
Sosial reklam sağlam həyat tərzinə xidmət edən bütün alətlərdən fayadalanmağı mümkün edir.
Yəni sağlam qidalanma, idmanla məşğuliyyət, ildə ən azı bir dəfə həkim müayinəsindən keçmək, orqanizmi xəstəliyə gətirəcək dərəcədə yükləməmək, təbiətə qayğı göstərmək, ekoloji savadsızlığı ləğv etmək, ənənələrə sədaqət nümayiş etdirmək, milli və mədəni dəyərlərə hörmət bəsləmək, alternativ enerji mənbələrinə cəmiyyətin diqqətin cəlb etmək, məişətdə və istehsalda qənaətcilliyin hər yaş qrupu üçün təbliği və s. deyilənlər bu sahədə mövcud siyahının cüzi bir hissəsidir. Digər tərəfdən, ictimai miqyasda təhlükəli fəsadlara gətirən kütləvi xəstəliklərlə mübarizə üçün və narkomaniya əleyhinə mübarizədə sosial reklam səmərəli təsir gücünə malikdir. Digər tərəfdən, siqaret və alkoqolizmin aradan qaldırılması və insanların zərərli vərdişlərin asılılığından qurtulmaq üçün sosial motivasiya baxımından da sosial reklam mesajları müsbət nəticələr verə bilir.
Sosial reklam tipi kimi xeyriyyəçilik və şəfqətin təbliği önəmlidir. İnsanların yardıma ciddi ehtiyacı olan xəstələrə, ahıllara, əlillərə könüllü köməklik etməsini təbliğ və təşviq edən ictimai qurumlara maliyyə dəstəyi verilməsinə çağırışlar maraq doğurur. Bu yöndə yaddaqalan sosial reklamlarda, ciddi ehtiyacı olan insanların və kimsəsizlərin qayğılarına həsr olunmuş sosial mesajlar, şübhəsiz, konkret fəaliyyət istiqamətində effektiv nəticələr verir. Amma o halda nəticə effektiv olur ki, sosial reklamın mesajları, kommunikasiya alət və məcraları yüksək yaradıcı ruhda həll olunsun, insanların duyğu və düşüncələrinə ciddi təsir göstərsin, onların biganəliyini konkret qatqıyla əvəzləyə bilsin.
Qanunlara əməl olunmasının zəruriliyini təşviq edən sosial reklamlar da önəmli əhəmiyyət kəsb edir. Məsələn, yol hərəkəti qaydalarına əməl olunmasın səsləyən vizuallar diqqət çəkir. Dövlətin vətəndaş qarşısında və vətəndaşın dövlət qarşısında daşıdığı hüququ və vəzifələr, korrupsiya əleyhinə mübarizədə ictimaiyyətin yaxından iştirakı, vergilərin ödənilməsi, pensiya təminatı və sosial müavinətlərin verilməsi diqqət obyektivində olmalıdır. Ölkənin büdcə siyasətinin təşviqi həm də dövlətin fəaliyyəti ilə vətəndaşın hüquq və vəzifələrinin həyata keçirilməsinə və qarşılıqlı rəğbətə imkan yaradan mühitin amildir və buna sosial reklamın müraciət etməsinə dəyərdi.
Daha bir sosial reklam tipi olaraq şəhər, ölkə və beynəlxalq miqyasda tədbirlərin anonsu, tarixi günlərə və yubileylərə ictimaiyyətin diqqətinin cəlb olunması və əhalinin informasiya təminatı bəhs etdiyimiz mövzu baxımından aktualdır.
Dövlət təşkilatlarının və xidmətlərinin fəaliyyətinin şəffalığına dəstək verən informasiyalı sosial reklam da ciddi əhəmiyyətə malikdir. İnsanların bu qurumlara və bu qurumların vətəndaşlara şikayət və təkliflər üçün açıq olması, zəruri informasiya kanallarının əhaliyə daha yaxından və populyar şəkidə çatdırılması mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə sosial reklamın vüsət alacağına ümid edirəm. Çünki bizim cəmiyyətdə insanları birləşdirəcək, bir ideya və amal ətrafında toplayacaq, ümumi mənafelərin şəxsi mənafelərdən üstün tutulacaq onu ön plana çəkəcək, dövlətçilik və insanpərvərlik keyfiyyətlərini qabardacaq, bizim əhatəmizdə olan insanlara şəfqət nümayiş etdirməyi həvəsləndirəcək, insanları daha gülərüz və ünsiyyətcil olmağa səsləyəcək, habelə sosial təşəbbüsləri dəstəkləyəcək hər addıma bu gün böyük ehtiyac vardır.
Teymur Məmmədov,
Kreativ Direktor






