Gucci, Saint Laurent, Balenciaga və Alexander McQueen kimi moda evlərini idarə edən məşhur holdinq Kering modellər üçün yaş məhdudiyyəti qoyub. İndi şirkətin markaları 18 yaşı keçən modellər ilə əməkdaşlıq edəcək. 18 yaşdan kiçik modellər ilə işləməkdən imtina edilib.


Facemark.az-ın məlumatına görə, bu qərarı “Kering”in icraçı direktoru 56 yaşlı, aktrisa Salma Hayekin həyat yoldaşı Fransua-Anri Pino verib.


“Qlobal lüks qrup olaraq, bizim brendlərin yaratdığı kontentin gənclərimizə təsirinin fərqindəyik. Biz düşünürük ki, cah-cəlal dünyasında pozitiv praktika yaratmağın məsuliyyətini daşıyırıq. Biz başqalarının bunu təqib etməyə təşviq edəcək hərəkət yaratmağa ümid edirik”, - deyə hypebae.com nəşri Pinoydan sitat gətirib.


“Kering” şirkətində markaların inkişafına məsul olan Mari Kler Dave, həmçinin yaş məhdudiyyəti məsələsini də şərh edib: “Bizim fikrimizə görə, 18 yaşdan böyük olan gənclər, həm fiziki, həm də psixoloji cəhətdən inkişaf etmiş olurlar. Bu isə o deməkdir ki, onlar bu peşədə təqdim edilən ritm və tələblərə də cavab verə biləcəklər”, - deyə, o, deyib.